İlhamiyyə Rza ANS-dən getdi - “Şpaqat açası deyildim...”

ilhamiyye-rza-ans-den-getdi
Oxunma sayı: 9893

“Nəzər nöqtəsi”nin aparıcısı İlhamiyyə Rza ANS-dən ayrılmasına aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, o, xeber365.com-a müsahibəsində bunu verilişin reytinqi ilə əlaqələndirib:

"Reytinq tələb edilir və buna görə də mən ANS-i tərk edirəm. Verilişin reytinqi heç də aşağı deyildi. Bütövlükdə kanalın reytinqi düşəndə avtomatik bütün verilişlərin reytinqi düşür. Mən düşünmüşdüm ki, reytinq bəhanə və meyarları ilə yanaşılmayacaqsa, mən burda işləyə bilərəm. Və bu barədə mənə zəmanət verildi. Əslində özüm də bilirdim ki, ictimai-siyasi məzmunlu verilişin taleyini reytinqlə həll etmək düzgün deyil. Amma zamanla məlum oldu ki, ANS bu formatda çox davam edə bilməyəcək. Reklamlar azalır, şirkətin pul qazanmaq imkanları azalır və sairə. Ümumiyyətlə, reytinq və kommersiya fəaliyyətini yalnız o zaman “iqnor” etmək olar ki, sən bütün hallarda dotasiya ilə maliyyələşirsən. Belə deyilsə, kommersiya qaydalarına tabe olmalısan.

Bütün hallarda bu, ANS-in özünün həll etməli olduğu məsələdir. Mənə ancaq dolayısı ilə aid ola bilər. Belə ki, məndən reytinq tələb etmələri ANS-dən getməyimə səbəb oldu. Düzü, mənə “get” deyən olmadı, sadəcə mənə reytinqin aşağı olmasını deyəndə, mən də onların başqa aparıcılar aramaqda sərbəst olmalarını bildirdim, özüm də namizəd kimi Tofiq Abbasovun da adını çəkdim. Onun peşəkarlığına şübhəm yoxdur. Amma bilmirəm, reytinq gətirəcək ya yox. Çünki nə o, nə də mən reytinq naminə şpaqat açan jurnalistlərdənik. Bütün hallarda mən layihəyə də, ANS-ə də uğurlar arzu edirəm. Necə deyərlər yola davam. Başqa televiziya layihələrində yenidən çalışmağım istisna deyil".

Qeyd edək ki, İ.Rza növbəti aydan etibarən “Nəzər nöqtəsi” verilişinə aparıcılıq etməyəcək.