Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, toplantıda çıxış edən İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban liyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb.
Tədbirdə qeyd olunub ki, son 4 il ərzində ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunub. Bu il sentyabr aynının 10-da Prezident İlham Əliyev Nəsimi rayonunudakı Texniki Humanitar liseydə aparılan təmir-yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Nəsimi rayonunun təhsil müəssisələri üzrə 4 orta, 5 uşaq bağçasının və 1 Uşaq Yaradıcılıq Mərkəzinin əsaslı təmiri nəzərdə tutulub. Dövlət Proqramına uyğun görülən işlər çərçivəsində 1 saylı tam orta məktəb keçən il əsaslı təmir olunub, bu il məktəbin qəzalı idman zalı sökülərək 10 yeni sinif otağı daxil olmaqla yeni idman zalı tikilib istifadəyə verilib. Həmçinin 174 saylı uşaq bağçaları əsaslı təmir olunmuş, 147 saylı uşaq bağçasında aparılan təmir başa çatmaq üzrədir.
Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Vurğulanıb ki, 2014-2015-ci tədris ilində rayonun orta məktəblərini 1532 nəfər bitirib, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar.
Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub.
2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 5 məzun qızıl medala layiq görülüb.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 200 uşağa isə məktəbli forması hədiyyə olunub.