İcra başçısı hesabat verib

icra-bascisi-hesabat-verib
Oxunma sayı: 1536

Nəsimi rayonu 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2016-cı ilin yekunlarını müzakirə edib. “Qafqazinfo” xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov bildirib ki, 86 minə yaxın sakinin yaşadığı və 4,27 kvadrat kilometr ərazini əhatə edən 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2016-cı ildə öz fəaliyyətini Azərbaycan Respublikası prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə”yə və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının sərəncam və tapşırıqlarına əsasən həyata keçirib. 

Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılıb, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülüb, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülüb, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilib. 

Hesabat dövrü ərzində nümayəndəliyin xidməti ərazisində bir sıra abadlıq və yenidənqurma işləri aparılıb. Azadlıq pr, Bakıxanov, A.Qurbanov, H.Sarabski, C.Məmmədquluzadə, E.Tağızadə, Mirqasımov, S.Vurğun, M.Qaşqay, Mərdanov qardaşları, A.Əliyev, C.Hacibəyli, A.Qurbanov, C.Məmmədquluzadə, N.Yusifbəyli, Ə.Qasımzadə, Bakıxanov, N.Məlikov,S.Rəhman, N.Vəzirov və s. küçələrdə tamet daşı və asfalt örtüyü vurulub, Mərkəzi Hərbi Klinik Hospitalın həyətində asfalt örtüyü vurulmuş, fasad (Heydər Əliyev adına MTK və Türk səfirliyinin Sarabski küçəsi istiqamətindəki hasarları da daxil olmaqla) rənglənib, ağac və gül kolları əkilib, qazon örtüyü vurulub.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirib ki, Bakı şəhərinin rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi işinə ötən il start verilib.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.