Həkim çaşanda...

hekim-casanda
Oxunma sayı: 2593

Raminə Eyvazqızı

Bütün sahələrdə nöqsanların olduğunu ağlımıza yeritmişik, amma insan həyatı ilə zarafatlaşmağın da bir dərəcəsi var. Salyanda səritəsizlikdən bir ailəni eyni vaxtda sevindirən və ağladan başıbəlalı üçəmlərin dünyaya “salam”ından sonra, yalnış ayaqkəsən həkimdən nədir çəkdiyimiz? Həkim yalnışları ilə hara sürüklənirik? Ölkədə babat həkim cinayəti sahəsi formalaşıb.

İllər əvvəl Tibb Universitetinin eks-rektoru Əhliman Əmiraslanov telemüsahibəsində ağzından belə bir söz qaçırmışdı. “Əməliyyat stolunda səhvim ucbatından xəstələrin öldüyü hallar olub.” Bəli, bu gün hansı həkimə yanaşsaq deyəcək ki, “tibbdə 100%-lik heç nə yoxdur”, “biz kimik ki, insanın həyatına qarant duraq”, hər səriştəsizlik, özbaşnalıq atılacaq qismətin üstünə. Bütün özbaşnalıq bu “əzbər”dən başladı.

İndi yaşlı qadının ayağını amputasiya edən 60 yaşlı həkimin nə vədəsidir ki, ayaqları səhv salsın. Həkim xəstəni neçə ayaqlı görüb ki, yalnış ayağı da kəsib? Görünür, bu həkim hərbi xidmətdə “sol-sağ” hərəkətləri də etməyib. Olmaya xəstənin yaxınları ilə pul söhbətləri ağlını qarışdırıb? Ya da 82 yaşlı xəstəyə yanaşması ciddi olmayıb. İnsan 82 yaşında da insandır, baxmayaraq ki, bizim eldə yaşlanan insanlar “lazımsız” statusunu havayı alırlar.

İndi həkim cərrah Valeh Kərimovun üzrxahlığından belə çıxır ki, azca tələsib, iki ayaq da kəsilməliydi. Yəqin bu ağlının başında olduğuna şübhə etdiyim həkim saç, ağac yox, ayaq kəsdiyinin də fərqində deyil. İnsan ayaqlarını kəsmək nə qədər asan imiş belə. Bu səhlənkar həkimin digər çaşan həkimlərdən tək fərqi odur ki, o səhvini ilk dindirilmədə boynuna aldı. Və nə yaxşı ki, xəstə hələ sağ qalıb. Baxmayaraq ki, kəsilməli ayaq hələ durur. Valeh həkim başqa ölkədə olsaydı, onun ayağını yerdən kəsib həbsə göndərərdilər, amma o bəxtəvərdi ki, həkim səhvlərini cəzalandırmayan ölkədə yaşayır. O da ilk çaşan həkim deyil.

Vicdanı, insafı kəsilmiş həkimlərin “çaşma əsri” davam edir. Dünən yenə bir “ağıllı” həkim 6 aylıq uşağı həyatdan etdi. Ölkədə Allah xofundan çox, həkim xofu var. Belə getsə, illər sonra həkim məsuliyyətsizliyindən cana yığılan insanların ayağı xəstəxanalardan birdəfəlik kəsiləcək. Onda ölkədə yeni statistika hesablanacaq. “Xəstələnib evində ölənlər”in statistikası...

Hərdən adam oğru dünyasına paxıllıq edir. Çünki oranın qanunlarına görə, heç kəs çaşa bilməz. Çaşanın cəzası var. Bizsə, cəzasızlığın əzabını çəkirik...

Bizim bəzi həkimlərin ara-sıra əcnəbi veterinarlarla bağlı verilişlərə baxması məsləhətdir. Pişiyin, itin anestezioloqunun məsuliyyətindən gözlərinə su versinlər. 20 yaşlı fili müalicə edən veterinarın əziyyətindən dərs götürsünlər. Can verən heyvanı həyata qaytarmaq üçün var-gəl edən həkimlərə baxsınlar. Və çaşmasınlar. Güya çaşanı da asıb –kəsirik ki...