Hamilə qadın çiyələk istəsə, sizmi verəcəkdiz?

hamile-qadin-ciyelek-istese-sizmi-verecekdiz
Oxunma sayı: 5148

Nərmin Dadaşova

Dünən 39 yaşlı gözəl bir xanım ana olub. Dünyanın ən təbii prosesinin ictimailəşmə səbəbi isə xanımın doqquz ay müddətində hamiləliyindən xəbərsiz olması oldu. Təngnəfəslik şikayəti ilə həkimə gedib, qucağında körpəsi ilə evə dönən qadın “azəroid”lərin qınaq obyektinə çevrilib. Üzündən-gözündən nur yağan, iki tələbə anasının, artıq çəkisi və ginekoloji problemləri ucbatından hamiləliyindən xəbərsiz olması qadınlar bir yana, yekə -yekə kişilərin qəzəbinə tuş gəlib. Qadına nələr demədilər, nələr... Nədir məqsədiniz, əziz soydaşlarım, qadın dünyaya gətirdiyi körpəni zibil qabına atır, deyinirsiz, qucağına alıb bağrına basır, yenə deyinirsiniz. Neynəsin axı bu binəvalar ki, siz razı qalasınız?! Kişiləri başa düşdük, bilmirlər. Hamiləlik haqqında təsəvvürləri həyat yoldaşları üçün içinə qoz ləpəsi qoyulmuş ağ gilas mürəbbəsi, bir dənəsi on manata olan alça tapıb almaq, evə balon-balon turşu xiyar daşımaqdır. Ona görə də belə səssiz səmirsiz hamiləliyi həzm edə bilmir, xanımın həyat yoldaşının şansından yana olan paxıllıqlarını bu kimi acı sözlərlə ifadə edirər. Bəs sizə nə olub, xanımlar? Niyə təhqir edirsiz bu ananı? Ürək bulanması bəhanəsi ilə günlərlə yataqda qalmadığı üçünmü? Cem Yılmaz demiş, çiyələk ətri verən banan arzulamadığı üçünmü? Sizin etdiyiniz onca ərköyünlüyü, dəymə-düşərliyi etmədiyi üçünmü? Əslində hamiləliyin dəhşətül-vəhşət dolu proses olmadığını ifşa etdiyi üçünmü? Görmədinizmi ailə necə xoşbəxt idi, körpənin atasının simasındakı gülüş, o təbəssüm sizə heç nə demədimi?

Son günlərdə ard-arda baş verənlər və gözəl ölkəmin gözəl insanlarının hadisələrə bu kəskin reaksiyası əlimi-ayağımı yerdən üzür, inanın. Hamı hamını təhqir edir, hamı hamını söyür, hamı dava axtarır, bəlkə bir az sakitləşək, cənablar?

Səhər yolda bir qadının uşağını möhkləm döydüyünü gördüm. Dəhşətə gəldim. Qadına yaxınlaşıb onu sakitləşdirməyə çalışdım. Olmaz dedim, eləmə dedim, körpədi dedim. Başqa heç nə deyə bilmədim, uşağa qoşulub ağlamağa başladım. İnsan nəyə bu qədər qəzəblənməlidir ki, körpə uşağı elə şiddətlə döysün?!

Tanınmış bir aparıcı sosial şəbəkədə toy şəklini paylaşır, yazırlar “qız nə çirkindir”. İllərdi qəhqəhə çəkdikləri Rəcəb İvedik növbəti filmindən bir fraqment paylaşır, vətənşüvənlər tökülüşüb adamı linç etməyə çalışırlar. Bir nəfər də qoluzorbalı ağzını qoyub Allah yolunda qadınları söyməklə. təhqir etməklə məşğuldur. Axşama qədər ana-bacı söhbətləri ilə ömrümüzü-günümüzü göy əskiyə bükən ceyillərdən biri gözə dəymir. Niyə? Çünki həyatımızda “action” çatmır, macəra çatmır, əyləncə çatmır. Manaton həyatımızı belə cılız söz-söhbətlərlə bəzəyirik. Aqressiyamızı, bütün mənfi enerjimizi ancaq bu yolla, bir-birimizi təhqir edərək, bir-birimizə ağıl öyrədərək, bir-birimizin beyninin ətini yeyərək çıxarırıq.

Hamımıza şəfa diləyirəm.