“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı”nın açılış mərasimindən - Fotolar

gence-2016-avropa-gencler-paytaxtinin-acilis-merasiminden
Oxunma sayı: 3824

Xəbər verdiyimiz kimi, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib. Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gənclər və İdman Naziri Azad Rəhimov, Millət Vəkilləri, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, , Avropa Şurası Gənclər üzrə Məşvərət Şurası, YEU - Gənclərin Anlaşma və MübadiləTəşkilatı, Nüfuzlu xarici milli şuralar, Horizonti YEU, BCM, Partners LLP, Xarici ölkələrin səfirləri, BMT İnkişaf Proqramının strateji tərəfdaşlıq üzrə müşaviri və başqa rəsmiqonaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, onun xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə öncə Azərbaycanın, o cümlədən Gəncənin mədəniyyətini, qədimliyini, tolerantlığını, multikulturalizmini, əhalisini özündə əks etdirən video çarx izlənilib. Video çarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə giriş sözü ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasim iştirakçılarını salamlayaraq qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirib və tədbiri açıq elan edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Müstəqillik illərində Azərbaycanda dünyaya nümunə ola biləcək gənclər siyasətinin reallaşdırıldığını qeyd edən Əli Həsənov bildirib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əli Həsənov Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsini Azərbaycan gənclərinin uğuru adlandıraraq son illər beynəlxalq tədbirlərdə gənclərin ölkəni uğurla təmsil etdiyini deyib. O, qeyd edib ki, dünyada 14-29 yaşlı gənclərin dünya əhalisinin 28 faizini təşkil etdiyi halda Avropada bu göstərici 21 faiz, Azərbaycanda 29 faizdir. Müvafiq göstərici Gəncədə 29, 8 faiz təşkil etdiyi üçün Gəncə Avropa gənclər paytaxtı üçün real şəhərdir.

Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov çıxış edərək bildirib ki, prezidentin sərəncamı ilə xüsusi tədbirlər planı hazırlanıb və müxtəlif tədbirlər keçirilməkdədir. Nazir dövlət siyasətinin əsas istiqamətinin gənclərin hərtərəfli inkişafı, cəmiyyətdə müxtəlif sahələrdə iştirak etmələrinə fəal şərait yaradılmasından ibarət olduğunu deyib. Ölkədə 350-dən artıq gənclər təşkilatının olduğunu bildirən Azad Rəhimov hər il onlarla beynəlxalq tədbirin keçirildiyini deyib. 2011-2015-ci illər ərzində nazirlik tərəfindən gənclər sahəsi ilə bağlı 542 layihə reallaşdığını qeyd edən Azad Rəhimov vurğulayıb ki, layihələrin bir qismi Gəncə şəhəri ilə bağlıdır. Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Lora Lübonova çıxışında bildirib ki, Avropanın Gənclər paytaxtı seçilməsinin Gəncəyə Avropa ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şansverəcək. Lora Lübonova qeyd edib ki, açılış öncəsi izlədiyi video heyrətamiz idi. Videoda Gəncə və onun gəncləri geniş icmalda təsvir olunub. Gəncədə ilk dəfə olan Lora Lübonova xüsusi qeyd edib ki, şəhər çox gözəldi. Tarixi qədim olmaqla yanaşı, müasir tikililəri ilə gözəl bir ahəng yaradıb.

Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas bildirib ki, Gəncənin Avropa Gənclər Paytaxt seçilməsi ilə gənclər üçün də əlavə imkanlar yaradır. Bir il ərzində onlar avropalı həmyaşıdları ilə də sıx əlaqə yarada biləcəklər. Digər layihələrin qısa müddətdə keçdiyini bildirən Andras Farkas qeyd edib ki, Avropa Gənclər Paytaxt layihəsi 1 il müddətində davam edir və daha geniş imkanlara malikdir.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai çıxışında dəvətli qonaqlar sırasında onduğuna görə öz minnətdarlığını bildirib. Tədbirin çox yaxşı təşkil olunduğunu vurğulayan Qulam İsakzai “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” layihəsinə yüksək səviyyədə ev sahiblik etməkdə uğurlar arzu edib.

Braqa şəhərinin vitse meri Maria Spedro bildirib ki, layihədə Gəncə şəhəri ən yaxşı müttəfiqdir. Bu layihə ölkələrin biri digərinin mədəniyyətini, adət-ənənəsini öyrənməsinin əhəmiyyətindən danışıb. Braqa şəhəri Gəncə şəhərinin 2016 Avropa Gənclər Paytaxtı seçilməsi münasibəti ilə təbrik etdiyini vurğulayan Maria Sperro gələcəkdə uğurlar arzulayıb.

Əskişəhər valisi Əzim Tunar Güngör bildirib ki, ortaq mədəniyyətimizi Avropa yaxşı tanıdaraq uğur əldə edəcəksiz.Gəncəyə hər zaman dəstəy ola biləklərini qeyd edən Əzim Tunar Güngör bildirib ki, Gəncə 12 şəhər sırasından seçilmiş 5 şəhərlə final mərhələsində mübarizə apararaq müsabiqənin qalibi olduğunu bildirib. Əzim Tunar Güngör Leyla və Məcnuna həyat verən Nizami Gəncəvinin yurdunda olmasında məmnun olduğunu bildirib.

Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının sədri Marko Qroşoviç Gəncənin əldə etdiyi uğura görə təbrik edib və Avropa Gənclər Paytaxtı olmanın vacibliyini vurğulayıb. Bu il Gəncə Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində bir çox layihələr həyata keçirəcəyini bildirən Marko Qroşoviç xüsusi vurğulayıb ki, bu da inkişafa səbəb olacaq.

Xatırladaq ki, “Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb.Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.

Gəncədə “Gənclər evi”nin açılışı olub "Gəncə Avropa Gənclər Paytaxtı 2016"nın rəsmi açılış mərasimindən sonra Gəncədə “Gənclər evi” istifadəyə verilib. Binada yaradılan şərait qonaqlarda böyük təəssürat yaradıb. Açılışda iştirak edən yerli və avropalı qonaqlar Heydər Əliyev parkında yerləşən “Gənclər evi”nin qarşısında cəngi sədaları altında qarşılanıb. Pəhlivanların, ağırlıqqaldıranların, güləşçilərin, taekvondoçuların çıxışları maraqla izlənilib. Ardınca binanın açılışını bildirən rəmzi qırmızı lent kəsilib. Heydər Əliyev parkında inşasına 2013-cü ildən başlanılan “Gənclər Evi” zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Tikili 975 kv. metr ərazidə inşa olunub. Binada ümumilikdə müxtəlif təyinatlı 50 otaq var. Tikilinin zirzəmisində biliard oynamaq üçün zal, fitnes zalı, rəqs zalları mövcuddur. Gənclər evinin 1-ci mərtəbəsində electron kitabxana, kitab saxlama otağı, toplantı zalı, akt zalı, qarderob, informasiya güşəsi, gənc intellektuallar klubu, konverseyşın klubu, toxuculuq və tikiş dərnəyi və xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın 2-ci mərtəbəsində isə rəsm studiyası, ekologiya dərnəyi, vətənpərvərlik klubu, texnika və ixtiraçılar klubu, sərg zalı, karyera mərkəzi, peşə yönümlü mərkəz və xidməti otaqlar yerləşir. Üç mərtəbəli binanın 3-cü mərtəbəsində isə açıq eyvan, anbar, köməkçi otaqlar, və qonaqların gecələməsi üçün otaqlar yerləşir. Bina müasir avadanlıq və inventarla tam təhciz edilib. Binanın ətrafı yaşıllaşdırılıb. Burada gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. “Gənclər evi”nin açılışında iştirak edən avropalı qonaqlar Avropanın Gənclər Paytaxtı seçilən Gəncədə gənclər üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

“Avropa Gənclər Paytaxtı - 2016” İctimai Birliyinin sədri Elmar Vəliyev bildirib ki, Gəncə 2016 Avropa Gənclər Paytaxtı layihəsinin açılış mərasimi münasibət ilə Gəncə gəncləri ilə yanaşı Azərbaycan gənclərini təbrik edir. Gəncə Avropa Gənclər Paytaxtı layihəsinin qalibi olması Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasətini layiqincə davam edən Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının nəticəsidir.

Avropa Gənclər Paytaxtlarının Şəbəkəsinin rəhbəri Andras Farkas bildirib ki, ümumilikdə tədbirin təşkilatçılığı yüksək səviyyədə təşkil olunub bununla yanaşı şəhərdə gənclər üçün yaradılan infrastruktur insanlarda xoş təssurat yaradır. Andras Farkas xüsusi vurğulayıb ki, Gənclər evinin açılışısevindiricidir çünki gənclər buradan özlərini təkmilləşdirəcəklər. Rusiya Gənclər Təşkilatlarının Milli Şurasının rəhbəri Anton Şaparin bildirib ki, şəhər sakinləri çox yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirdilər. Burada çox binalar inşa edilib. Gənc siyasətçilərin yetişməsi Azərbaycanın dövlət prioritetlərindən biri olduğunu bildirən Anton Şaparin qeyd edib ki, Azərbaycan və Avropanın əlaqəsi, həmçinin Azərbaycan və Rusiya əlaqələri ildən-ilə daha da möhkəmlənəcək. Avropalı nümayəndələr belə layihələrin ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayacağını, Gəncənin istənilən beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edə biləcəyini vurğulayıblar.

Daha sonra tədbir şəhərin Cavad Xan küçəsində davam edib.

Qonaqlar öncə “Qədim Gəncə” adlı sərgi ilə tanış olublar. Mərasim iştirakçıları Azərbacan xalqının əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən güşələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Rəmzi olaraq Məhsəti Gəncəvi adını daşıyan mərkəzin önündə yerli və əcnəbi qonaqları salamlayaraq əlamətdar gün münasibəti ilə təbrik edib. Gəncə Dövlət Filarmoniyasının xalqq çalğı alətləri asbılı və solistlərinin, Gəncə Dövlət Kamera Orkestrı solistlərinin ifaları, milli rəqs nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Daha sonra mərasim iştirakçılarını rəmzi olaraq Nizami Gəncəvi obrazı qarşılayıb. Dahi söz ustadı, böyük alim və filosov Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalardan parçalar nümayiş etdirilib.

Gəncə Avropa Gənclər Paytaxtı- 2016 ” İctimai Birliyinin ofisinin rəsmi açılış mərasimi 2016 şarın və 216 göyərçinlərin havaya buraxılması ilə baş tutub. Mərasim iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olub. Ofisin gələcək fəaliyyəti haqda qonaqlara ətraflı məlumat verilib.

Gəncəçay” Park Bulvar Kompleksində tədbir iştirakçıları cizgi filimlərinin qəhrəmanlarının rəqsinə tamaşa edib. Uşaq baxçalarının kollektivləri onlar üçün ayrılmış güşədə maraqlı rəqs nömrələri ilə qonaqları salamlayıblar. Qonaqlar təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış olublar. Xor kollektivlərinin ifaları tədbirə xüsusi rəng qatıb.Qonaqlar tədbirdə Azərbaycan plovlarının da dadına baxıblar.

Gəncəçay” Park Bulvar Kompleksindən sonra mərasim iştirakçıları əllərində Azərbaycanın üç rəngli bayrağını tutan əsgərlərin və atlıların maşayəti ilə “Gəncə Avropa Gənclər Paytaxtı- 2016 ” parkına gəliblər. Parkda gənclərin əyləncəli çıxışları, avropasayağı rəqsləri, eyni zamanda hərbiçilərin vətənpərvər göstəriləri alqışlarla qarşılanıb. Sonda qonaqlar və gənclər xatirə şəkilləri çəkdiriblər.