Fındığı ixrac edəkmi?

findigi-ixrac-edekmi
Oxunma sayı: 2451

Dünya Sakit

Azərbaycanın kənd təsərrüfatında ixracyönümlü istehsalın təşkili əsas prioritetlərdən birinə çevrilib. Bu sahədə ənənəvi bitkilərlə(çay, tütün, üzüm, pambıq və sair) yanaşı, fındıqçılığın inkişafının diqqət mərkəzinə gətirilməsi kifayət qədər uğurlu addım sayılmalıdır. Belə ki, dünya qənnadı sənayesinin artan tələbatı bu məhsulun bazar tapmasında problemlərin olmasına imkan vermir: fındıqlı şokoladlar, konfetlər, şirniyyatlar qənnadı bazarının ən tələbatlı məhsullarıdır. Bir baxımdan, yetər ki, bazara keyfiyyətli məhsul çıxara biləsən.

Dünya bazarının fındıqla əsas və hələ ki, dəyişməz təchizatçısı Türkiyədir: illik aşağı-yuxarı 250 min ton ixracatla bu ölkə tələbatın 70 faizini ödəyir. 2015-ci ildə Türkiyə dünya bazarına 240 137 ton fındıq çıxararaq, bundan 2,83 milyard dollar gəlir götürmüşdü - kilosu 11,8 dollar. Ötən il isə Türkiyə 227 556 ton fındıq ixrac edib. Türklər bundan 1,98 milyard dollar gəlir əldə ediblər. Bu zaman ixrac olunan fınıdığın kilosu 8,7 dollar təşkil edib. Ötən ilki azalmanın əsas səbəbi 2015-2016-cı il qışının sərt keçməsi, aprel ayında Türkiyənin fındıq becərilən Qara dəniz sahili əyalətlərində kəskin soyuqlar, daha sonra isə uzunmüddətli quraqlıq nəticəsində məhsuldarlığın aşağı düşməsi olub.

Azərbaycan 3 il əvvələdək dünyada Türkiyə, İtaliya və ABŞ-dan sonra 4-cü fındıq ixracatçısı idi. Lakin 2014-cü ildən etibarən bu yeri Gürcüstana təhvil vermişik. Gürcülər 2015-ci ildə 19,4 min ton fındıq ixrac ediblər ki, bundan da 176,4 milyon dollar gəlir götürüblər. Beləliklə, əsasən Avropa Birliyi ölkələrinə ixrac zamanı fındığın 1 kilosu 9,09 dollar təşkil edib. Ümumi fındıq istehsalı 42,3 min ton olub. 2016-cı ildə isə gürcülər xaricə 27,1 min ton fındıq sataraq 178,9 milyon dollar əldə ediblər. Bu zaman fındığın kilosunun orta qiyməti 6,6 dollar təşkil edib. Fındıq gürcülərin ümumi ixracatının 8,5 faizinə yüksəlib.

Azərbaycana gəlincə, rəsmi statistikamıza görə, 2014-cü ildə xaricə qabıqsız fındıq ixracımız 11838,1 ton(67762,3 min dollar), 2015-ci ildə 12224,64 ton(90267,39 min dollar), 2016-cı ilin yanvar-sentyabrında isə 9228,01 ton(60506,18 min dollar) təşkil edib.

2014-cü ildə fındığın hər kiloqramını xaricə 5,7 dollara satmışıq. Xaricdən idxal etdiyimiz 85,7 ton qabıqsız fındığın hər kilosuna 9,55 dollar vermişik. 2015-ci ildə 130,69 ton fındığın kilosuna 8,3 dollar ödəyib almışıq, öz fındığımızı isə xaricə 7,4 dollara satmışıq. 2016-cı ilin yanvar-sentyabrında 309,75 ton fındığın kilosunu 6,44 dollara almışıq, xaricə satdığımız fındığın kilosundan 6,55 dollar əldə etmişik. Statistikadan belə görünür ki, idxal olunan fındıq bizim xaricə satdığımızdan daha ucuz başa gəlir. Amma bu statistikanın reallığı əks etdirmədiyi bizim ən yaxın qonşularımız olan Türkiyə və Gürcüstan fındığının qiymətindən açıq görünür. Məsələn, 2015-ci ildə Türkiyə fındığı 11,8 dollara, Gürcüstan 9,09 dollara satıb. Biz isə 8,3 dollara almağı “bacarmışıq”. Yeri gəlmişkən, təcrübə göstərir ki, idxaldakı bu ucuzluq adətən real satışda hiss olunmur.

Ötən ilin oktyabrından fındıq idxalına əlavə rüsumların tətbiq olunmasından sonra güman etmək olar ki, idxal xeyli azalacaq. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən ölkəyə idxal olunan 1 kq qoz-fındıq üçün 1,5 dollar əlavə rüsum ödənməlidir. Amma ölkədə fındığın hazırkı qiymətləri ilə götürsək, əlavə rüsumla belə idxal gəlirli ola bilər. Belə ki, hazırda Azərbaycanda qabıqlı fındığın kilosu 9-10 manata, qabıqsı fındığın kilosu isə 18-20 manata satılır. Bu, təxminən 4,5-5 dollar, 9-10 dollar deməkdir.

Bu günlərdə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib ki, Azərbaycanda təxminən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Ötən il ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. İxracımız əsasən İtaliya, Rusiya və Almaniyayadır.

Çox maraqlıdır ki, hazırda fındığın daxili bazardakı qiyməti ixrac qiymətlərindən xeyli yüksəkdir və bu şəraitdə ixrac heç də gəlirli deyil. Hesab edirəm ki, bu ziddiyyətin izahını bir müddət əvvəl Dövlət Gömrük Komitəsi sədrinin sahibkarlara müraciətində axtarmaq lazımdır. Komitə sədri sahibkarlardan ixrac etdikləri məhsulların qiymətini süni şəkildə azaltmaqdan çəkinməyə çağırmışdı...