Fəhlələr aksiya etdi, maaşlarını aldılar

-fehleler-aksiya-etdi-maaslarini-aldilar
Oxunma sayı: 1569

“Azərinşaatservis” ASC-nin əməkdaşları 4 aylıq əmək haqlarını ala biliblər. Şirkətin onlara ödəməli olduğu məbləğ noyabrın 27-də bank hesablarına oturub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AzadlıqRadiosuna «Azərinşaat»ın əməkdaşlarından biri Rüstəm Musayev məlumat verib. Onun dediyinə görə, onlara işləmədikləri son iki aya görə təzminat ödənəcəyini də bildiriblər: ««Azəryolservis»dən dedilər ki, nəyiniz varsa, hesablayın, biz də verək. Bu haqda müzakirələri noyabrın 30-da aparacağıq. İşlədiyimiz 4 ayın pulunu isə tam aldıq».

«Azərinşaat» ASC əməkdaşları maaşlarını ala bilmək üçün bir neçə dəfə etiraz yürüşü və oturaq aksiyalar keçiriblər. Müxtəlif dövlət qurumlarına, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək məsələnin həllini istəyiblər.

APA-nın məlumatına görə, Xidmətin işə qarışmasından sonra «Azərinşaatservis» ASC-nin işçilərinə olan 2 milyon 362 min 875 manat borcu ödənilib.«Azərinşaatservis» ASC-nin rəhbəri bir müddətdir həbsdədir və iflas etdiyi bildirilir. Buna görə də işçilər məvaciblərini sifarişçinin – «Azəryolservis»in ödəməsini tələb edirdilər.

Qeyd edək ki, adıçəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu bildirilir.