Ərzaq məhsullarının qiyməti haqda - Açıqlama

erzaq-mehsullarinin-qiymeti-haqda-
Oxunma sayı: 9489

Ölkədə baş verən növbəti devalvasiyadan sonra bir çox istiqamətlərdə, xüsusilə də qida sektorunda bahalaşma müşahidə olunur. 

“Qafqazinfo” xəbər verir ki, qiymət artımı sadəcə xaricdən idxal olunan mallarda yox, yerli şirkətlərin məhsullrında özünü göstərir. Hətta ölkənin ən böyük qida istehsalçıları sayılan "Azərsun Holdinq" şirkətinin 30%, "Veysəloğlu" şirkətinin isə 40%-ə kimi qiymətləri artırdığı iddia olunur. Məsələyə aydınlıq gətirmək üçün hər iki şirkətlə əlaqə saxladıq.

“Veysəloğlu” Şirkətlər Qrupu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmməov ölkədə üzən məzənnə rejiminə keçilməsi barədə qərarın şirkətin distribyuterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcəyini bildirib. Onun sözlərinə görə, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması bir sıra çətinliklər yaradıb. Ancaq qiymət artımının 40% olması yanlış məlumatdır və hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirdir. Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib”.

İ. Məmmədov “Araz” marketlərində hazırkı vəziyyətlə bağlı da məlumat verib: “Marketlər şəbəkəsində qiymət artımının olub olmaması distribyuterlik edilən şirkətlərdən asılı olduğu üçün bununla bağlı hər hansı dəqiq fikir bildirmək olmaz. Sadəcə onu deyə bilərəm ki, digər mağazalardan fərqli olaraq heç bir say və çeşid məhdudiyyəti yoxdur”.

"Azərsun Holdinq" şirkətindən isə bildirdilər ki, hazırda sözügedən məsələ ilə bağlı iclas keçirilir və yaxın bir neçə saat ərzində bu barədə ictimaiyyətə dəqiq məlumat verəcəklərini bildirib.

Günel Hacı