“Ermənilər çaylara zəhərli maddələr axıdır” - Nazir

ermeniler-caylara-zeherli-maddeler-axidir
Oxunma sayı: 1473

Aprelin 28-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cəbhəyanı kəndlərimizdə olub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, nazir əvvəlcə Ağcabədi rayonundakı Qaraxanlı kəndindəki yanan evə baxış keçirib.

H.Bağırov daha sonra Ağdam rayonunun artilleriya zərbələrinə məruz qalan Qaradağlı, Mahrızlı, Çəmənli kəndlərində, mərmi atəşi nəticəsində dağılan evlərdə olub, ev sahibləri ilə görüşüb. Sarıcalı kəndindəki dağılmış orta məktəbə və ərazilərdəki qırılmış ağaclara baxıb.

Nazir jurnalistlərə deyib ki, ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara göndəriləcək.

H.Bağırov bildirib ki, mənbəyi Ermənistan ərazisində olan çaylarda təmizləmə qurğuları tikilir:

“Biz bilirik ki, onlar çaylara zəhərli maddələr axıdırlar. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində ekologiyaya ziyan vurur, meşələri qırır, qızıl mədənlərini istismar edirlər. Ermənistan xarici ölkələrə mebel, ağac satır. Hamı bilməlidir ki, həmin ağaclar işğal altındakı meşələrimizdən qırılır”.

Nazir daha sonra Tərtər şəhərindəki və Qapanlı kəndində mərmi düşməsi nəticəsində dağılan evlərə baxış keçirib, ev sahibləri ilə görüşüb.