Ərli qadın onu rədd edir...

erli-qadin-onu-redd-edir
Oxunma sayı: 3559

Fərid Hüseyn 

Andre Moruanın “Balzakın günahı ucbatından” adlı məşhur povesti var. Əsərin qəhrəmanı öz müəlliməsinə vurulur.

Müəllimin əri vəzifəli bir adamdır, ancaq qadınına baxmır, sevmir. Onları sadəcə eyni soyad birləşdirir...

Bir gün qəhrəman müəlliməsinə eşqini izhar edir, ərli qadınsa birmənalı şəkildə rədd edir onu.

Oğlan çölə çıxır və bir azdan yadına düşür ki, Balzakın “Atılmış qadın” hekayəsinin qəhrəmanı rədd ediləndən sonra – eyni situasiyada geri qayıdıb sevdiyinə yenidən eşqini izhar edəndə, alınır. O da qayıdır və müəlliməsinə onsuz yaşaya bilməyəcəyini deyir. Müəllimə bu dəfə müsbət cavab verir....

Qəhrəman “yaxşı ki”, Balkazın həmin əsərini oxuyubmuş... Balzak pərəstişkarına uğur gətirir...

Ancaq qadın vəzifəli əri başqa xanımlarla ey-işrətdə olduğundan, ailəyə biganəliyindən onu qısqandırmaq üçün bu yolu seçir ki, bəlkə nəsə düzələ...

Bir müddət sonra vəzifəli adam oğlanı otağına çağırıb onların münasibətindən, evdə görüşdüklərindən xəbərdar olduğunu deyir. Deyir ki, onlara köçməyə və getdikləri yerdə iş tapmağa kömək edəcək. Belə də olur.

Köçdükləri vilayətdə keçmiş ərinin xiffətindən və həyatın acılarından qadın tez bir zamanda qocalır və ölür. Müəlliməsindən – həyat yoldaşından yaşca balaca olan qəhrəmansa taleyi ilə barışır və həmin məktəbdə qocalana qədər işləyir.

Qəhrəman müəlliməsinə vurulana qədər isə Böyük Adam olacağına iddia edirdi, şöhrətpərəstlik hissi onun bütün varlığına hakim kəsilmişdi. Özünə həddən artıq güvənir və potensiyalına çox inanırdı. Onun iddiası ilə Yer Kürəsini tərpətmək olardı...

Hekayədə əsas məna ondan ibarətdir ki, vaxtı ilə sevdiyi qadını Balzakın hekayəsindəki süjeti xatırlayaraq ələ alanda, kitabların ona səadət gətirdiyini düşünən qəhrəmanın ömrü puç olur. Həyatı axarından çıxır və özüylə birgə həmin qadının da həyatının nizamı pozulur. Böyük adam olacağına iddia edən qəhrəman isə ucqar vilayətdə adi bir məktəbdə çalışaraq ömrünü başa vurur. Balzak, əslində, ona qələbənin yerini deyil, məğlubiyyətin ünvanını “nişan verir” və pisi odur ki, qəhrəman axır günə qədər də bunu anlamır, ona elə gəlir ki, belə də olmalıymış. Heç nəyin fərqində olmur. Povest qəhrəmanın dostunun dilindən (kənar göz) danışılır. Məktəb illərini xatırlayan dostu onu axırda ucqar bir vilayətdəki məktəbdə ağır durumda görür və yaddaşına həmin özünəinamlı illər düşür... əsərin son cümləsi isə belədir: “Balzak öz pərəstişkarını məhv etdi”.

İllər keçir və biz də çoxlu kitablar oxuyuruq, filmlərə baxırıq. Bizə elə gəlir ki, kitablar, filmlər bizə həmişə düzgün yol göstərir. Biz ox işarələrinə baxa-baxa gedirik, ancaq elə olur ki, həmin işarələr bizi azdırır. ...guya şairik, guya yazıçıyıq, guya alimik, guya mühəndisik, guya həkimik... Bütün bu “guyalı zirvələr”ə bizi kitabların göstərdiyi ox işarələri çatdırır...

İllər keçir, ədəbiyyatda, jurnalistikada hansı inamların hansı reallıqlarla əvəzləndiyini, nələrdən danışılıb necə yaşadığımızı, idealların bizim reallıqda hansı sifətə düşdüyünü gördükcə, bəzi məqamlarda özümü və bir sıra adamları məhz Andre Moruanın qəhrəmanı kimi görür və qələbəmizi onun qələbəsi ilə yanaşı qoyuram...