Ekspertlər imtahan nəticələrini necə qiymətləndirdi?

ekspertler-imtahan-neticelerini-nece-qiymetlendirdi
Oxunma sayı: 1667

Təhsil ekspertləri 2016/2017-ci tədris ilində buraxılış imtahanlarının nəticələri ilə bağlı açıqlanan statistikaya münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, ekspert Kamran Əsədov qeyd edib ki, ortaya çıxan statistik göstəricilər cari ilin məzunlarının daha yaxşı nəticə əldə etdiyini göstərir: “Doğrudur, ali yüksək nəticə göstərməyən də abituriyentlərin də xeyli olması təəssüf hissi doğurur. Amma nəticələrə nəzər salsaq görərik ki, ümumən, bu il yüksək bal toplayan abituriyentlərin sayı ciddi şəkildə artıb. Onu da əlavə edim ki, Azərbaycanda hər bir gənc, məktəbi bitirmiş şəxs öz gələcəyini ancaq ali məktəblərə qəbul olmaqda görür. Amma bu şəxslərin yalnız 40 faizə yaxını buna nail ola bilir. Geridə qalan 60 faizin bir qismi xaricdə təhsil almağa üz tutur, yaxud da təhsildən kənarda qalır. Mən təklif edirəm ki, ali məktəblərə qəbul ola bilməyən abituriyentlər uğurlu gələcək qurmaq istəyirlərsə, peşə məktəblərinə qəbul olsunlar. Bundan sonra onlar daha qısa müddətdə işlə təmin oluna bilərlər”.

Əjdər Ağayevin sözlərinə görə isə, qəbul imtahanlarına nəticəsi onu göstərir ki, hər il olduğu kimi ən yüksək nəticə göstərənlər, orta bal yığanlar və aşağı bal yığanlar var: “ Bu, təbii haldır. Belə olmasa idi, elə birbaşa qeyd olunardı ki, bu imtahanlar əla və yaxşı bal toplayanlar üçündür. Əsas diqqət yetirməli olan məqamlar isə yüksək nəticə göstərən abituriyentlərin sayının artmasıdır. 700 bal, 600-dən yuxarı bal yığan xeyli sayda abituriyent var. Bu, da bir inkişafdır. .Buna təkcə statistik cəhətdən yox, mahiyyət, psixoloji mövqedən yanaşmaq lazımdır. Bir sözlə, hiss olunan odur ki, abituriyentlərin ali məktəblərə qəbulu ictimaiyyəti ciddi maraqlandırır, valideynlərin, mətbuatın diqqətindədir. Bu da öz təsirini abituryentnlərin qəbul imtahanına yaxşı hazırlaşmasına göstərir”.

Etibar Əliyev də 2016/2017-ci tədris ilində buraxılış imtahanlarının nəticələrinin yaxşılaşmasının qəbul imtahanlarının nəticələrinə təsiri gözlənilən olduğunu vurğulayıb:

“Məncə, ixtisas qrupları üzrə abituriyentlərin nəticələri imtahanlararası vaxtda elan edilməməlidir. Bu müəyyən dərəcədə çaşqınlıq yaradır. Təhsil sahəsində ekspertlər məlumatları KİV-lərdən alırlar. Və çox təəssüflər olsun ki, yuxarı nəticələrə baxmadan aşağı nəticələr barədə informasiyalar gündəmi zəbt edir. Nəticədə bəzən dürüst ekspert rəyləri vermək mümkün olmur. Mənfi nəticələri daha da qabartmaq üçün iki ixtisas qrupunda 0-200 bal toplayanların faizini cəmləyirlər. Bu yolverilməzdir. Tələbə qəbulu prosesi həssas proses olduğundan bu məsələyə ciddi yanaşmaq lazımdır. Məlumatların birtərəfli işıqlandırılması dərhal manipulyasiyaya yol açır. Təhsil Nazirliyinin apardığı təhlillərdən görünür ki, əksinə, bütün ixtisas qrupları üzrə 200 baldan yuxarı nəticə göstərənlərin sayı artıb. Qeyd edilir ki, bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur. I qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin göstəricisi ötən illə müqayisədə 3,7%, II qrup üzrə 5,3%, III qrup üzrə 0,5%, IV qrup üzrə 9,9% yaxşılaşma qeydə alınıb. Təbiət və texniki fənlər üzrə nəticələrin əsaslı dərəcədə yaxşılaşması xüsusi qeyd olunmalıdır. Bu göstəricilər keyfiyyətin yaxşılaşdırılması ilə bağlı məktəbdə aparılan işlərin nəticəsidir. Biz ekspert olaraq bu işləri müsbət dəyərləndiririk. Ancaq islahatlar davam etməlidir.Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, keçid balının 200 bal müəyyənləşdirilməsi Təhsil Nazirliyinin təşəbbüsü əsasında baş tutub. Müsbət nəticələr bu təşəbbüsün özünü doğrultmasını təsdiqləyir”.