Əflatun Amaşov tələbələrə qonorar verib

eflatun-amasov-telebelere-qonorar-verib
Oxunma sayı: 1244

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində jurnalist-publisist Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində” adlı elmi-praktik konfrans keçirilib.

Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Mətbuat Şurasının dəstəyi ilə keçirilən konfransı Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev açaraq "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” prezidenti İlham Əliyevin 19 noyabr 2015-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, bu sərəncama əsaslanaraq çağdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək üçün 10 may 2016-cı il tarixdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov əmr imzalayıb.

Konfransda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Respublika Arxiv İdarəsində Ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, Mətbuat tarixi kafedrasının müəllimi Nəsiman Yaqublu, millət vəkili Aqil Abbas, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək, tədbirin mövzusu barədə öz fikir və düşüncələrini çatdırıblar.

Tədbirdə Ceyhun Hacıbəyli haqqında tələbələrin hazırladığı kiçik həcmli film də nümayiş etdirilib.

Tədbirin sonunda MŞ-nın sədri, deputat Əflatun Amaşovun şəxsi təşəbbüsü ilə dosent Könül Niftəliyevanın baş redaktoru olduğu "Jurnalist” qəzetinin növbəti sayının çapdan çıxması münasibətilə mətbu orqanın ərsəyə gəlməsində xidmətləri olan tələbələrə qonorar verilib və xatirə şəkli çəkdirilib.