Əczaçılıq şirkətlərinin rəhbərləri üçün yeni şərt

eczaciliq-sirketlerinin-rehberleri-ucun-yeni-sert
Oxunma sayı: 1263

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici və zəhərli maddələrin topdan və pərakəndə satışına xüsusi icazə almaq istəyən əczaçılıq şirkətləri rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Qafqazinfo” xəbər verir ki, toplantıda çıxış edən Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov və Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də bu Qanunla təsdiq olunmuş güclü təsir edən maddələr və zəhərli maddələrin idxalı, saxlanması və satışına olan tələblər barədə ətraflı məlumat veriblər.

Əczaçılıq müəssisələrinin rəhbərləri güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyi tərəfindən rəyin verilməsini istəyiblər.

Toplantıda belə dərman vasitələrinin qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısının hazırlanaraq Analitik Ekspertiza Mərkəzinə və Respublika Narkoloji Mərkəzinə təqdim olunması bildirilib.

Sonda Analitik Ekspertiza Mərkəzinin, Respublika Narkoloji Mərkəzinin, İnnovasiya və Təchizat Mərkəzinin rəhbərləri toplantı iştirakçılarının suallarını cavablandırıblar.