Dopinqlə bağlı qanunda nələr olacaq?

dopinqle-bagli-qanunda-neler-olacaq
Oxunma sayı: 714

Azərbaycanda “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun hazırlanır.

Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov sözügedən komitənin iclasında çıxışı zamanı qeyd edib. Komitə sədri qeyd edib ki, Beynəlxalq Anti-dopinq Təşkilatı idmançıların 7000-dən artıq dərmandan istifadə etməsinə qadağa qoyub: “Həmin dərmanlardan istifadə edən idmançılar dərhal yarışlardan uzaqlaşdırılır. Bu hal 3 dəfə təkrarlandıqda idmançıların beynəlxalq yarışlarda iştirakına ömürlük qadağa qoyulur. Bu, hər bir ölkə üçün vacib şərtdir. Düzdür, Azərbaycanda buna riayət edilir. Gənclər və İdman Nazirliyinin Antidopinq Komissiyası yaradılıb, idmançılar xüsusi yoxlamadan keçirlər. Qadağan olunmuş dərmanlardan istifadə etdiyi aşkarlanan şəxs dərhal cəzalandırılır”.

Azərbaycanın özünün dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını, adıçəkilən yeni layihənin artıq I oxunuş üçün hazır olduğunu nəzərə çatdırıb. Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını bildirən F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

F.Muradov əlavə edib ki, qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər layihədə öz əksini tapıb.

Günel Türksoy