“Dini ekstremizmə qarşı mübarizə” tədbiri - Fotolar

dini-ekstremizme-qarsi-mubarize-tedbiri
Oxunma sayı: 1026

Gəncədə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Qafqazinfo” xəbər verir ki, maarifləndirmə tədbiri Gəncə şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş prokurorluq, DTX və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Regional seminar - müşavirədə Gəncə şəhəri, Xocalı, Kəlbəcər, Qazax, Ağstafa, Goranboy, Göygöl, Samux, Şəmkir, Tovuz, Daşkəsən və Gədəbəy rayonlarındakı strukturların rəhbər və məsul nümayəndələri iştirak edib.

Tədbiri Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev giriş sözü ilə açaraq, ölkəmizdə müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən daim yüksək qiymət verildiyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov seminarda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edib. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib.

Sonra Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov və Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev çıxış edərək ölkəmizdəki multikultural və tolerant mühitinin təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildiriblər.

Seminar-müşavirə işini müzakirələrlə davam etdirib.