DİN-dən işgəncə iddiasına cavab - “Onlar 90 il həbsdə olub”

din-den-isgence-iddiasina-cavab-
Oxunma sayı: 2897

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində evə basqın edərək ailə üzvlərinin əl-qolunu bağlayıb işgəncə verməkdə təqsirləndirilən 5 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında keçirilən məhkəmə prosesində bu cinayətə görə təqsirləndirilən şəxlərin verdiyi ifadələrə münasibət bildirib.

O, sözügedən şəxslərin törətmədikləri cinayətlərin guya boyunlarına qoyulduğunu, bu məqsədlə hətta ailə üzvləri ilə təhdid olunduqları barədə söylədikləri iddiaların böhtan olduğunu bildirib:

“Bir sıra agır cinayətlər törətmiş mütəşəkkil dəstə üzvlərinin Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesindən hazırlanmış materialda bəzi təqsirləndirilən şəxslərin törətmədikləri cinayətlərin guya boyunlarına qoyulduğu, bu məqsədlə hətta ailə üzvləri ilə təhdid olunduqları barədə iddiaları böhtan xarakterli, müdafiə taktikalarının bir hissəsi olmaqla, əslində onların özləri barədə ictimai rəydə günahsız obrazlarının yaradılmasına yönəlmiş cəhddən başqa bir şey deyildir.

Yazıda adları çəkilən Mircavid Mirbağırov, Yaşar Yusibov və qeyriləri özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olaraq ötən il sentyabrın 30-da gecə radələrində paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinə qanunsuz daxil olaraq vətəndaşlar Rəşad Quliyevə və Zəhra Ağayevaya qarşı quldurluq hərəkətləri ediblər və sonuncuların 1 ədəd ov tüfəngini, 1200 manat pulunu, 200 ABŞ dollarını və 5400 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər.

Faktla əlaqədar elə həmin gün Xəzər RPİ-nin İstintaq Şöbəsində CM-in müvafiq maddələri ilə cinayət işi başlanılıb, bu iş üzrə adları çəkilən şəxslər və mütəşəkkil cinayətkar dəstənin digər üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bir sıra zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlməklə zərərçəkənlərin və şahidlərin ifadələri alınıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırma zamanı bu dəstə üzvlərinin digər cinayətlər də törətdikləri müəyyən edilib və həmin faktlar üzrə qaldırılmış cinayət işləri də quldurluqla bağlı sözügedən işə birləşdirilərək istintaqı davam etdirilib.

İndi guya təhdid altında cinayət törətdiklərini deyən təqsirləndirilən şəxslər istintaq zamanı həmin cinayətləri səmimi olaraq etiraf ediblər. İstintaqın gedişində barələrindəki cinayət işlərinin məhkəməyə göndərilməsinə əsas verən kifayət qədər sübutlar toplanıb, onların müdafiə hüquqları təmin olunub.

Təqsirləndirilən Yaşar Yusibovun guya ailə üzvləri ilə təhdid olunması barədə iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, illər öncə ailə həyatı qurmuş bu şəxs də məlum dəstənin əksər üzvləri kimi, əvvəllər dəfələrlə məhkum olunub, üst-üstə 19 il məhkumluq həyatı yaşadığından birgəyaşayışı çox çəkməyib.

Son cinayətini törətdiyi zaman isə Y.Yusibov ümumiyyətlə evli olmayıb. İndi törətdikləri ağır cinayətlərə görə məhkəmə qarşısında dayanan mütəşəkkil qupun 5 üzvündən 4-nün, ümumilikdə, 90 ilə yaxın məhkumluq "stajı" vardır. Bu sırada dəstə üzvlərindən ən təcrübəlisi isə guya etmədiyi cinayətlərin zorla boynuna qoyulduğunu iddia edən Mircavid Mirbağırovdur. Bu şəxs müxtəlif vaxtlarda törətdiyi ağır cinayətlərə görə təqrirbən 22 il müddətinə azadlıqdan məhrum edilib”.