Çox su içirsiz, tez yorulursuz? - Elə isə şəkərinizi yoxlayın

cox-su-icirsiz-tez-yorulursuz
Oxunma sayı: 7434

"Diabet xəstəlik yox, həyat tərzidir".

Qafqazinfo” olaraq bu dəfə də oxucularımıza diabet (şəkər xəstəliyi) ilə bağlı bəzi məqamları təqdim edirik:

Diabet nədir?

Qidalanma zamanı yediyimiz hər bir şey şəkərə parçalanır. Daha sonra bu şəkər qana keçir və qandakı səviyyəsi yüksəlməyə başlayır. Sağlam bir fərddə qana keçən şəkər, pankreasdan ifraz olunan insulin hormonu köməyilə hüceyrəyə daşınır. Diabetli fərdlərdə insulin əksik və ya təsirsiz olduğu üçün şəkər hüceyrə içinə girə bilmir və qanda yüksəlməyə başlayır.

Bəs şəkər xəstəliyinin ilkin göstəriciləri hansılardır?

- Həddindən artıq su içmək
- İştahanın açılması və çox yemək yemək
- Çox sıx sidiyin gəlməsi və gecə bu səbəbdən tez-tez oyanmaq
- Dəridə quruluq
- Mütəmadi olaraq halsız olmaq, tez yorulmaq
- Yaraların gec sağalması
- Hərdən ətrafı bulanıq görmək

Qan şəkəri müəyyən bir səviyyəni keçəndə şəkər sidiklə atılmağa başlayır. Sidikdəki şəkər miqdarının artması ilə tez-tez sidiyə çıxma, həddindən artıq susama və çox su içmək görülür. Şəkər xəstəliyinin başlanğıc yaşına görə əsas iki tipi var. Yaşı 20-dən az olanlarda əlamətlər bir neçə gün və yaxud həftədə görünməyə başlayır. Bu zaman daha çox qandakı şəkər miqdarı artır, protein azalır. İkinci tip şəkərin yaşı isə 40-dan çoxdur. Bu zaman insulin azalır və təsir göstərməməyə başlayır.

Kimin şəkər xəstəliyinə tutulma riski daha böyükdür?

Xalq arasında belə bir deyim var ki, çox şirniyyat vasitələri yeyənlər şəkər xəstəliyinə tutulacaq. Ancaq həkimlər diabetin şəkərli qidalarla hər hansı bir əlaqəsinin olmadığını, maddələr mübadiləsinin pozulması nəticəsində yarandığını bildirib. Şəkər xəstəliyinin səbəbləri kimi gen, yaşayış tərzi, viruslar göstərilir. Ailəsində diabet xəstəliyi olan insanlarda şəkər özünü 35 yaşdan sonra biruzə verir. Aşağıda sadaladığımız insanların şəkər xəstəliyinə tutulmaq şansı yüksəkdir:

Ailəsində şəkər xəstəliyi olanlar

Artıq çəkili insanlar

Yeməyi sürətli yeyib tez ac olanlar

Qandakı yağın miqdarı yüksək olanlar

Hərəkətsiz həyat tərzi keçirənlər

Onu da qeyd edək ki, bel ölçüsü 102 sm-i keçən kişilər və 88 sm-i keçən qadınların şəkər olma riski yüksəkdir. Xüsusilə də ailəsində şəkər xəstəsi olan insanlar çəkilərinə diqqət etməlidirlər.

Şəkərli diabetin olmazsa, olmazı: pəhriz

Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Çünki qidalanmadan asılı olaraq qanda şəkərin səviyyəsi yüksələn zaman orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır fəsadlar yaranır. Hətta insanda komaya səbəb ola bilər.

Bu səbəbdən də şəkər xəstələri qidalanma zamanı bəzi qaydalara riayət etməlidir:

- Ac qalmaq olmaz. Bu qanda şəkərin kəskin enməsinə səbəb ola bilər ki, bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər.

- Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

- Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır.

- Meyvələri gün ərzində 200-300 qr olmaqla qəbul etmək olar.

- Təbii meyvə şirələri qidalanmadan tam çıxarılmalıdır.

- Ət, toyuq, balıq şəkərli diabet xəstənin pəhrizində mütləq olmalıdır.

- Duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidalar qidalanmadan çıxarılır.

Şəkər xəstəliyinə çarə olacaq 7 ədviyyat:

Keşniş toxumu, sarıkök, istiot, darçın, hil, mixək, zəncəfil. Bundan başqa, qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.

Ölkəmizdə və dünyada nə qədər diabetli insan var?

Hazırda rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı dünyada 250 milyon, Azərbaycanda isə 210 min nəfəri keçib. Gün keçdikcə bu nisbət artmaqdadır. Diabet hər yaşda görülə bilən bir xəstəlikdir. Dünya Sağlamlıq Təşkilatının nəşr etdiyi məqalələrə görə, 20 yaşdan yuxarı əhalinin az qala 7%-i diabet xəstəsi olaraq qeydə alınıb. Ölkəmizdə 2014-cü illə müqayisədə diyabet xəstələrinin sayı 16 min artıb.

Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov mətbuata açıqlamasında Azərbaycanda şəkərli diabet xəstəliyinin uşaq və gənclər arasında yayılması hallarının nisbətən az olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə şəkərli diabet xəstəliyi diaqnozu ilə qeydiyyata götürülən uşaqların (yaşı 18-dək olanlar) sayı 1500-ə yaxındır. Onların arasında yaşı 14-dən çox olan uşaqlar üstünlük təşkil edir.

Valideyni şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar anadangəlmə şəkər olurmu?

Uşaqlarda anadangəlmə şəkərli diabet xəstəliyi olmur. Lakin uşağın ata-anasında diabet olursa, onda uşaq bu xəstəliyə meyilli olur. Müəyyən şərait yarandıqda, məsələn, uşaqda stress baş verdikdə onda şəkərli diabet xəstəliyi yarana bilər.

Son olaraq qeyd edək ki, şəkərli diabet xəstəliyinin fəsadları olsa da, ona qarşı müalicə aparıldıqda insanın ömrünü uzatmaq mümkündür.

Günel Hacı