Əmlak Məsələləri Dövlət Komitəsi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı Bakı və regionlarda İşgüzar Forumlara start verib. İlk forum Cəlilabad rayonunda keçirilib.
Forumda Komitənin Aparatı və tabeli qurumları, Cəlilabad Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib.
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli Fərmanına əsasən həyata keçirilir.
Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı slayd şou nümayiş etdirilib. Qeyd olunub ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir.
Forumda məsələ ilə əlaqədar suallar cavablandırılıb, təqdimatlar olub və qarşılıqlı müzakirələr aparılıb.