Cəbhədə dağıdılan evlər bərpa olunacaq

cebhede-dagidilan-evler-berpa-olunacaq
Oxunma sayı: 1393

Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin Tərtər və Ağdam rayonlarını ağır artilleriyalardan atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 7 nəfər yaralanıb. Bununla yanaşı 58 ev, 1 orta məktəb və digər inzibati binalar dağılıb.

"Ermənilərin mülki əhaliyə qarşı törətdiyi cinayətlərin, terror aktlarının nəticələri sənədləşdirilərək beynəlxalq təşkilatlara ünvanlanacaq". Bunu aprelin 28-də cəbhə bölgəsində olan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib ki, bütün qoşunlara düşmənlərə cavab zərbəsi endirmək əmri verilib: "Vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlədikləri hərbi nöqtələrə vurulmalıdır".

Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin yanında İtki tələfatları qiymətləndirilməsi üzrə işçi qrupunun eksperti Faiq İsmayılov "Bizim Yol"a bildirib ki, əhaliyə dəymiş zərərin qiymətləndirilməsi üçün əraziyə nümayəndə heyəti göndəriləcək: "İşçi qrup Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana vurduğu zərərlərin qiymətləndirilməsi ilə məşğuldur. O cümlədən, indiki hadisələr də araşdırılır. Ağdamda və Tərtərdə mülki əhaliyə dəyən zərərin araşdırılması üçün cəbhə bölgəsinə bir qrup nümayəndə ezam ediləcək. Şəkillər çəkilməli, layihələr işlənməli, qiymət əmsalı ilə qiymətləndirilməlidir. Bundan sonra dəyən zərərin məbləği elan ediləcək.

Onu da bildirim ki, Ermənistanın 20 faiz işğal altında olan Azərbaycan ərazilərinə vurduğu zərərlə bağlı apardığımız araşdırmanı hələ ki tamamlamamışıq. Bu işi bu ilin sonuna kimi bitirəcəyimiz gözlənilir.

İşğal olunmuş ərazilərə və əhaliyə dəymiş zərərin qiymətləndirilməsini tamamladıqdan sonra beynəlxalq təşkilatlara, BMT-yə, Avropa Şurasına qətnamə layihələrini hazırlayıb göndərəcəyik. Ermənilərin törətdikləri vandalizm aktlarının sübutlarını beynəlxalq ictimaiyyətə təqdim edəcəyik. O cümlədən, beynəlxalq məhkəmələrə müraciət olunacaq. Azərbaycan beynəlxalq məhkəmənin üzvü olmadığına görə, bu işin həyata keçirilməsi heç də asan olmayacaq. Bu məsələnin həlli üçün yollar axtarırıq. Beynəlxalq səviyyəli vəkillərlə danışıqlar gedir. Ümid edirik ki, öz istəyimizə nail olacağıq".

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, mülki şəxslərə dəymiş zərərin qiymətləndirilməsi üçün dövlət komissiyası yaradılmalıdır və zərər rəsmi qaydada protokollaşdırılmalıdır: "Dövlət komissiyası bununla yanaşı beynəlxalq məhkəmələrə müraciət etmək üçün sənədləşmə işini həyata keçirməlidir. Düzdür, bu uzun yoldur, amma vacibdir. Vandalizmin sübutu və dəymiş zərərə görə kompensasiya tələbi üçün bu iş görülməlidir. Ölkəmizdə sığorta bazarı çox zəif inkişaf etdiyindən cəbhə bölgəsində olan evlər sığortalanmayıb. Ona görə də dövlətin resurslarından başqa yaxın zamanlarda əhaliyə kömək edəcək bir resurs təəssüf ki, görünmür. Dağılmış evlər dövlətin imkanları hesabına təmir olunmalıdır. Çünki bu əhalinin günahı deyil. Onlar belə bir acınacaqlı şəraitdə yaşamağa məcbur deyillər. Böyük əzmkarlıq göstərirlər. Öz həyatlarının təhlükə altında qalmasına baxmayaraq, yurd-yuvalarını tərk etmirlər. Odur ki, dövlət əlində olan bütün imkanları səfərbər edib evləri dağılmış sakinlərə yardım göstərməlidir. O cümlədən, ictimai kampaniya da həyata keçirilə bilər. Bu da çox vacib elementlərdən biridir. İctimai kampaniya televiziyalarda müzakirələrin aparılması və ictimai rəyin formalaşması vasitəsilə aparıla bilər. Biznes fondun bura qatqısı ola bilər. Yardım cəbhə bölgəsində yaşanan sakinlərə təqdim olunmalıdır. Bu da onlara həm maddi, həm də mənəvi dəstək olar".

Ermənilərin yaşayış məntəqələrinə yağdırdığı mərmi nəticəsində ölüm halları ilə yanaşı, daşınmaz əmlaklara, evlərə və avtomobillərə də xeyli ziyan dəyib. Bəs əmlaklara dəyən ziyana görə sığorta ödənişi verilə bilərmi?

"Consultant" Tədris və Konsaltinq Mərkəzinin prezidenti Xəyal Məmmədxanlı bildirib ki, müharibə və hərbi əməliyyatlar nəticəsində əmlaka dəyən ziyan sığorta olunmur: "Bu, beynəlxalq qaydalara görə belədir. Odur ki, bu problemin həlli üçün yalnız dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan və ya beynəlxalq maliyyə qurumlarından vəsait cəlb etməklə mümkündür. Yaxud məhz bu məqsədlə xüsusi fond yaradıla bilər".