Çadra ilə çimən ərəblər və xalatlı azərbaycanlılar

cadra-ile-cimen-erebler-ve-xalatli-azerbaycanlilar
Oxunma sayı: 6383

Nərmin Dadaşova

İl boyu qapılar bağlanhabağlanda özünü metroya atıb işə doqquza bir dəqiqə qalmış çatan birinin taleyi ele bu olmalı idi. Yayın gethagedində, avqustun bitməsinə bir-iki qurtum qalmış veş-vüşümüzü yığıb düzəldik yola. Ac adamın yemək seçməsi ilə Aran adamının istirahət üçün məkan seçməsi eyni şeydi. Dağı, meşəni, hovuzu, dənizi, istini, sərini- hamısını birdən istəyirsən. Kürdəmirli olmağın bir dezovantajı da budur. Həmişə havadan incik olur adam, nə istiyə dözümün olur, nə soyuğa...

Bütün bu sadaladıqlarımı bir arada tapmaq əslində elə də çətin olmadı. Dağlıq rayonlarımızda belə yerlər kifayət qədərdir. Allah tərəfi qiymətləri də münasibdir. Baxırsan, üzü dənizə, qış-yay hovuzu, həyətində uca-uca palıdları olan, güllük-gülüstanlıq, istirahət etmək üçün bütün incə detallara qədər düşünülmüş bir məkandır. Amma sən bu gözəlliklərin qarşısında boynubükük qalmısan. Çünki “beş ulduzlu” otelin qonaqları milli mənəvi dəyərlərimizin qüdrətli keşikçiləri olur əksər hallarda. Adı üstündə qış və yay üçün nəzərdə tutulmuş açıq qapalı hovuzları, qadın-kişi məclisinə döndəriblər. Açıq hovuz kişilər tərəfindən barikadaya alınıb. Hünərin var sərhəddi poz, xalatının ətəyini bircə qarış qaldırıb ayağını suya sox. İşdi, cəsarət nümayiş elətdirib bunu etsən, vay səninlə bərabər orada dincələn həyat yoldaşının halına, ağ yuyub qara sərəcəklər onu. Ayağını kişilərin suyuna salan qadın üçünsə damğa dünəndən hazırdı – Yiyəsiz! Vallah, qulağımla eşitmişəm, beləcə də deyirlər. İşdi, başını götürüb on–on beş metr o yana- dənizə getsən, yenə heç nə dəyişməyəcək. Uzun xalatla əlində dəsmal uşaq-muşağın dalıyca qaçan qadınlar və dənizin kefini necə lazımdır çıxaran lüt-ətcə kişilər görəcəksən. Necə ki, bir-iki saat bundan qabaq, sahil boyu bir qadınla yan-yana, çiyin-çiyinə o ki var qaçdıq. İkimizdə də xəyallar dincəlmək, gerçəklər uşaqların ağız-burunlarından balıqqulağı dənləmək idi. Ancaq özümüzü olduqca məmnun göstərir, qürurumuzu sındırmır, instagram üçün xoşbəxt pozlar verirdik. Əslində əsas olan da budur, şairin sözü olmasın, “şəkillərdə yaxşı düşsün uzaqlıq.”

PS:. Yay istirahətinin ikinci əsas qolu olan, yeyib-içmək məclisləri haqqında təəssüratlarımı da başqa bir yazıda bölüşərəm sizinlə. Burada hələ ki, vəziyyət, “qaqa, yaxşı kabablarımız var” janrındadır.