Bu yol bağlanır - Diqqətli olun

bu-yol-baglanir-
Oxunma sayı: 2470

Nəqliyyatın İntellektual İdarə Mərkəzi sərnişinlərə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NİİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı sosial şəbəkədə yazıb. Katib bildirib ki, sabah Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi bağlı olacaq: “Məlum olduğu kimi, Avropa Qran Pri-sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Bu gündən etibarən Xaqani küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub. Paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır. Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi növbəti gün, dekabr ayının 2-də, eynilə, bir gün müddətinə bağlı qalacaq”.

Mətbuat katibi onu da qeyd edib ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pri-dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.