Bu marşrutların son dayanacağı dəyişdirilib

bu-marsrutlarin-son-dayanacagi-deyisdirilib
Oxunma sayı: 2062

Səkkiz nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib. Dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, 8 nömrəli marşrut üzrə avtobuslar metronun “Azadlıq prospekti” stansiyasından keçməklə, Rəsulzadə qəsəbəsinədək hərəkət edəcək. Məqsəd, Rəsulzadə qəsəbəsi sakinlərinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etmək, eyni zamanda metronun “Azadlıq prospekti” stansiyası ətrafında mövcud olan nəqliyyat sıxlığını aradan qaldırmaqdır.

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 13 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Məlumat üçün bildirək ki, bir sıra marşrut xətləri üzrə avtobuslar son dayanacaq kimi məhz metronun “Azadlıq prospekti” stansiyasının ətrafında dayanır ki, bu da həmin ərazidə, xüsusən də günün pik saatlarında nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmasına səbəb olur.