Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

bu-gun-ekologiya-ve-tebii-servetler-nazirliyi-iscilerinin-pese-bayramidir
Oxunma sayı: 2781

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, peşə bayramı münasibəti ilə keçirilən tədbirdə nazir Hüseyn Bağırov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini, yeni-yeni layihələrin həyata keçirildiyini bildirib və qarşıda duran vəzifələr, perspektiv planlar barədə məlumat verib.

Sonra H.Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində Nazirliyin fərqlənən əməkdaşlarını Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edib.

Tədbirin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə prezidentinə müraciət qəbul olunub.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.