Boşanmışlar ordusu

bosanmislar-ordusu
Oxunma sayı: 5399

Raminə Eyvazqızı

Ölkədə gənclərin problemləri “ahıl” vaxtını yaşasa da, bu problemlər “ölməz Koşşey”ə dönüb. Misal üçün, Gənclər Fondunun başı isə qarpıza kəllə vuranların yarışını keçirməyə qarışıb. Halbuki, ağrılı problemlərdən biri, gənc boşanmışların günbəgün çoxalmasıdır.

30-40 il əvvələ qədər dul deyəndə, həyat yoldaşı ölmüşlər nəzərdə tutulurdu. Həmin dullar pis çıxmasın “vaxtıkeçmiş” sayılardılar, başqa sözlə, gəncliyini, orta ailə dövrünü heç olmazsa yaşamışdılar. Dul qalmaq bir qismət məsələsi, boşanma yolverilməz idi. Çox nadir halda gənclərin boşanma vəziyyətləri ortaya çıxardı. Bütün nəsil ayağa qalxardı. Çox halda da bunun qarşısını isti-isti alardılar, “dözməlisən” tənəsi ilə tərəfləri razılığa gətirərdilər.

Bu bir cəzaydımı, zülm idimi, axır ki, boşanma uçurumundan geri dönərdilər. Onda nə ailə institutu (heç indi də yoxdur, halbuki Türkiyədə ailə politikaları nazirliyi var) var idi, nə də bu qədər psixoloqumuz. Subay psixoloqların ailədən danışmaq qədər cəsarətləri də yox idi. İndi vəziyyət çox fərqlidir.

Əvvəla boşanmaq o qədər sadələşib ki, onun qorxu, hiss- həyəcanı da yoxa çıxıb. Hətta gənc boşanmışların çoxu özünü “dul” adlandırır. Keçmiş həyat yoldaşını qısa müddətdə (bu nə nifrət növüdür belə) elə “öldürürlər” ki. İndi hər ay onlarla boşanma əməliyyatını yerinə yetirən məhkəmələrin də əvvəlki kimi səbiri qalmayıb. Hakimin boşananlara adət üzrə verdiyi “niyə boşanırsız” sualının da “beli əyilib”. Hirsi başına vurmuş gənclər “hörmət” ilə boşanmanı tezləşdirirlər də.

Ən təəssüf doğuranı budur ki, “boşanmış” statusu da sevilir artıq. Heç kəsi narahat etmir ki, bu böyüyən boşanmışlar ordusu ilə hara gedirik? 2016-cı ilin 6 ayı ərzində ölkədə 6 min 300 ailə boşanıb. Dövlət Statistika Komitəsinin hesabatı tək rəsmi qeydiyyatları nəzərdə tutur. Ötən il də vəziyyət təxminən belə idi. Bir aya orta hesabla 1000 boşanma faciə deyilmi? Gənc yaşında ailəsi dağılmışların aqubəti necə olacaq? Boşanmanın gəncləşməsi ailə ənənələrimizi snayper gülləsi kimi dəlib keçib. Boşanmış kişilərin psixoloji yükü boşanmış qadınlardan yüngüldür.

Kişilər boş qalmırlar, onların ən azı vaxt öldürəcək məkanları saysızdır. Qadının boş qalan əli, yatağı, ürəyi çox nadir halda “özünə gəlir”. Boşanma tək rəsmi sənədi əlinə alıb bitirmək deyil axı. Boşanma –bütün sevdiyin, əziz bildiyin cansız əşyalardan da ayrılmaqdır. İndi cehiz krediti bitmədən boşanmaya gedənlərin sayı da çoxdur. Boşanma- hər yemək saatında ortaya qoyulan ümumi xörək boşqabları ilə, ikinəfərlik dəstlərlə də sağollaşmaqdır. Bu xırdalıqlara varılan məsələlərdə zərbə altında daha çox qalan boşanmış qadına baxılan gözlərın sayı da artır. Boşanmış gəncə “darıxma, hələ cavansan, sənin yaşıdın indi evlənir” təsəllisi verildiyi halda, sarsılan boşanmış qadına belə sözlər sərf edilmir. O qadının ikinci şansına dəstək verən varsa da, həya edir.

Hazırda el arasında “bəxtəvər boşananlar” qrupu da yaradılıb. Bu qrupa uşağa sahib olmadan boşananlar daxildir. Boşanma xəbərini eşidən qohum- əqrəbanın təəssüfdən qabaq verdiyi sual belədir, “uşağı vardı?”. Güya, boşanmadan əziyyət çəkən körpələrin, uşaqların qeydinə qalırlar. Maraqlıdır ki, saysız dağılan ailə xəbərləri çıxsa da , hələ də təzə bəy, gəlinin 2-3 ayı tamam olmamış övlad müjdəsini soraq alırlar. Bizdə artıq ailə qurmaq iki nəfərin birdəfəlik eksperiment aparmağına bənzəyir. Əcnəbilər buna “sınaq müddəti” deyirlər.

Ekperiment nəsillər arasında, sınaq müddəti isə iki nəfər arasında olur. Bayağılaşan, kök atmayan ailə münasibətlərindəki problemlər elə bu nöqtədən başlayır. Həmin o iki nəfər rahat buraxılmayınca, boşanmışların ikinci ailə qurmaq şanşları da olmayacaq. Ondansa, boş qalmaq yolunu seçsələr yaxşıdır. Xalqımızın bir də “göy əski”si var. Bu gün boşanmışların çoxunun günü həmin göy əskiyə bükülür. Əskini elə bərk bükürlər ki, gənclərin çoxu həyatla boşanmalı olur. Boş insanlar…