Boşanmadan sonra kişilənənlər...

bosanmadan-sonra-kisilenenler
Oxunma sayı: 3708

Emin Səfərov

"Bak kızım, ben bir az ters erkeğim. Ne seni isterim, ne de vücudunu. Yüreğin varsa, koy ortaya".

Bekarçılıq idi, "WhatsApp"ımda olan şəxslərin profil şəkillərini gözdən keçirirdim. Nömrəsinin məndə haradan qaldığını tam xatırlamasam da, müğənni Təranə Qumralın profil şəkilinə heyran qaldım. Həyat yoldaşı və eyni zamanda duet ortağı olan Musa Musayevlə bir-birinə romantik baxışlarını əks etdirən şəklin alt yazısında məhz yuxarıda qeyd etdiyim sevgi dolu sözlər yazılmışdı.

Halbuki, özlərini əsrin Leyli-Məcnunu adlandıran mikrofon tutanlar, bir ara bir-birilərinə qənim kəsilmişdi. Təxminən 4 il bundan qabaq idi. Tərəflər Nərimanov məhkəməsində rəsmən boşananda Musa qardaş, Təranə bajıdan çoxdan şübhələndiyini, onun başqa kişi ilə danışdığını, sonra da onları öz evlərində, yataqda tutduğunu bildirmişdi. Sən demə, indi Təranə Qumrala "Bak kızım, ben bir az ters erkeğim" deyən Musa bəy, o vaxt boşandığı xanımını ov tüfəngi ilə vurmaq da istəyib. Amma "igidlik 10-du, 9-u da qaçmaq" deyiminə əməl edən əsrin Leylisi qaçıb qonşuda gizlənməklə özünü ölümdən, Musayevi də türmə həyatından xilas etmişdi.

Bugünlərdə geyindiyi mini "yubka" ilə türklər demiş, "genc kızlara taş çıkartan" Təranə xanım o vaxt az qala "google" axtarış sisteminə "Bəs, sənin kişiliyin haradadı, qeyrətin haradadır, ay Musa?" deyə, müraciət də etmişdi. Musanın qardaşı bəstəkar Cabbar Musayevin "Musa qədər namussuz, qeyrətsiz insan heç Fransada da yoxdur" deməsinə, cütlüyün bir-birilərini media vasitəsi ilə biabır, rəzil etməsinə baxmayaraq, indi "TQ and MM" birlikdə xoşbəxt günlər yaşayır, "instagram"ın fenomenlərindən birinə çevriliblər.

Deyirəm, yaxşı ki, o vaxt Təranə Qumral qonşuya qaçmışdı. Əks halda indi onları sevən fanat ordusu doğum günündə Təranə xanımı dərin hüznlə xatırlayıb, "Ay Musa, tüfəngin tətiyinə toxunduğun barmaqların qırılsın" deyə, qarğış edirdilər. Yəqin ki, Musa da türmədən çıxdıqdan sonra bu iztiraba dözməyib, Bakı arağını qucaqlayıb, paytaxt küçələrində Gipsi Kinqsin "Amor mio"sunu oxuya-oxuya dəli-divanə dolaşacaqdı.

Vallah, bu cəmiyyətdə Musa qədər olmayanlar da var. İstəyirsiz, bunu yaxşı, ya da fərqli mənada başa düşün. Təəssüflər olsun ki, ölkədə evlənmək bir dərd olduğu kimi, boşanmaq ondan da ağır bəlaya çevrilib. Bu məsələdə ən çox zərərçəkənlər isə xanımlardı. Məsələ burasındadı ki, cəmiyyətimizdə boşanma mədəniyyəti demək olar, sıfırın altındadı. Nə qəribə işdirsə, evli ikən xanımını xoşbəxt edə bilməyən kişi, boşanandan sonra da ayrıldığı qadına qənim kəsilir.

"Google"da "boşanan arvadına" sözünü yazsaz, bu cəmiyyətin nə qədər təhlükəli olduğunu anlamış olarsınız. Biri arvadını öldürür, biri qayınanasının boğazını kəsir, başqa biri qızın üstünə benzin töküb, yandırır, digəri də... Digəri də tanışını 2 dönər, bir araqla "killer" tutub deyir ki, get boşandığım arvadın üzünə "kislota" tök, qoy, daha da bədbəxt olsun. Məhkəmədə də "qəhrəman" sabiq ər "killer" tutmağının səbəbini açılayan zaman deyir ki, “istəmirdim ona kimsə yaxın düşsün. Mənim deyilsə, heç kimin olmasın”.

Adama deyərlər, ay bədbəxt, boşanmısansa, bundan sonra quracağın həyatının planlarını cız da. Özün cəhənnəm, camaatın qızını niyə tanınmaz hala salırsan? Yəni, sənin üçün bir qadının dəyəri 2 dönər, bir arağın qiyməti qədərdimi?

Təəssüf ki, boşanmalarda təkcə bu məsələlərlə yekunlaşmır. Eləsi də var ki, arvadından ayrılandan sonra boşandığını xanımı "Müqəddəs Məryəm" bilib, aliment ödəməkdən boyun qaçırır. Sanki, xanım uşaqları dədəsi evindən gətirib, bunun, "kişi"yə heç yaxından-uzaqdan əlaqəsi yoxdu. Sözsüz ki, ayrıqlardan sonra qəddar davranan xanımlar da var: Yalnız bizim cəmiyyətdə uşağı dədəsinə göstərməmək üçün, ona əlifbadan öncə "atan narkoman idi", "oğrudur", "alkaşdı" kimi sözlər öyrədilir.

Və nədənsə, yalnız bizim cəmiyyətdə boşanmalardan sonra sabiq ərlə arvadın münasibəti Azərbaycan - Ermənistan münasibətinə çevrilir...