Bıçağı çəkəndə yavaş çək, həkim...

bicagi-cekende-yavas-cek-hekim
Oxunma sayı: 2794

Nərmin Dadaşova

Bilsəydim bundan əvvəlki köşəmin sonunda “ardı var” yazıb üç nöqtə qoyardım. Mövzu eynidir onsuz da, bu dəfə başlamaq daha asan olardı. Keçən həftə həkimləri ağ yuyub, qara sərmişdim, Salyanda ölən uşaqlara görə.

Biz bunca yazıları yazıb hay-haray salırıq ki, vicdanından qorxmayanlar barı ictimai qınaqdan qorxub özlərinə çəki düzən verələr. Görünür artıq nə ictimaiyyət, nə də onların qınaqları narahat etmir səbəbkarları. Bizə hər həftə mövzu olmaqda israrlıdırlar. Özü də mövzu nə mövzu! Həkim xəstənin kəsilməli olan ayağını qoyub, sağlam ayağını kəsib. Sonra da üzürxahlıq edib ki, siz Allah bağışlayın, mexaniki səhvdi. Üzürü günahından betər olan “qəhrəman”ımız mexaniki səhv deyəndə nəyi nəzədə tutub, bu soyuqqanlılığını nəyə borcluyuq görəsən?

Hadisə beş-altı ay bundan əvvəl baş versəydi, yəqin mənə ən çox təsir edən elə bu soyuqqanlılıq olardı. Ancaq belə soyuqqanlılığın ən “möhtəşəm”ini Hematologiya institunda 6 ay bundan əvvəl yaşamışdım. Həkim əlimə körpə uşağın ölüm diaqnozunu verib, niyə özünü öldürürsən, öz uşağın deyil onsuzda” deyəndə mən ağxalatlılarla bütün münasibətlərimi aydınlaşdırmışdım özüm üçün. Bu cavabdan sonra baş verən hər hansısa bir faciədə, uğursuzluqda nə həkimlər, nə də onların mənasız açıqlamaları məni təəccübləndirmir artıq.

Bircə şeyi bilmək istəyirəm. Görəsən özünü peşəkar adlandıran bu “həkim” 82 yaşlı qadının kəsilmiş ayağını sığallaya-sığallaya veridyi müsahibəni izlədimi? Onun mexaniki səhvinin ucbatından ömrünün qalanını əlil arabasında, qucaqda, yataqda keçirməyin necə bir hiss olduğunu, o “çürümüş” dediyi ayağın bu qadın üçün nə ifadə etdiyini anlaya bilirmi? “Dedim barmaqlarımı kəsin, topuğumu kəsin, ayağıma dəyməyin. Baxın, dizimi də kəsiblər” deyirdi bu yaşında bəlkə də həyatının ən kədərli itkisini vermiş qadın. Necə ağırdır, 82 illik bərabərliyi yarım saata itirmək. Yarımca saat içində ömrünün sonuna qədər kiməsə möhtac olmaq.

Bir az əvvəl qadının televiziyaya verdiyi müsahibəyə baxdım. Kaş baxmazdım. Çarpayısında oturub gözünü kəsik ayağına zilləmiş Tərlan xanım jurnalistin “özünüzü necə hiss edirsiniz?” sualına cavab vermək üçün asta-asta başını qaldırdı. “Pisəm” dedi. O baxışları, o gözləri təsvir etməyə istedadım çatmaz mənim, etiraf edirəm.

Gələn həftə bu mövzu da tarixə qovuşacaq. Valeh bəy bir şəkildə işin içindən çıxacaq əlbət. Çünki onun qoca ürəyində nakam arzusu var hələ. Sən demə doktorun ən böyük arzusu “Əməkdar Həkim” olmaq imiş. İllər əvvəl saytların birində doktor haqqında “Qızıl əlləri olan Valeh Kərimov” adlı yazı dərc olunub. Yazıda imzasını başqa heç bir yerdə görmədiyim şairə Gülxas xanımın dörd bəndlik şeiri ilə doktora müraciət edib:

Ay Valeh, ömrünə dağ çəkilməsin,
Gözəl gözlərinə qəm çəkilməsin,
Təbəssüm üzündən heç çəkilməsin
Bıçağı çəkəndə yavaş çək həkim.

Və uzaqgörən şairənin bu kədərli şeirdən dərhal sonra məqalənin püf nöqtəsi, yəni yazılma ya da yazdırılma səbəbi qeyd olunub: “Səhiyyə Nazirliyindən xahiş edirik ki, Valeh həkimə Əməkdar Həkim adı verilsin” .

Ad demişkən, keçənlərdə sosial şəbəkədə aprel döyüşlərində xeyli sayda uğurlu əməliyyat etdiyinə görə “3-cü dərəcəli Vətənə Xidmətə görə” ordeni almış cərrah Elgün Səmədovun şəklini görmüşdüm. Əlləri qanlı, gözləri narahat. Qəribə bir hiss dolmuşdu içimə. Güvən hissi. Əslində olmalı olan da budur. İnsan həkimi görəndə dərindən bir ah çəkər, qurtuluşa hazırlayar özünü, sevinər. Dilini dodağını gəmirməz qorxudan!

Mən də bu yazını Səhiyyə Nazirliyinə müraciətlə bitirmək istəyirəm.
Hörmətli Oqtay Şirəliyev! Yazıb sizdən xahiş edirəm ki, bu cəlladların əlindən bıçaqlarını alıb bizi ölməkdən, şikəst olmaqdan, möhtac olmaqdan xilas edəsiniz. Bunu bir Azərbaycan vətəndaşı olaraq sizdən acizanə şəkildə xahiş edirəm.

Hörmətlə:

P.S.: Ardı ola bilər, üç nöqtə.