Bəs məni niyə qovmurlar?..

bes-meni-niye-qovmurlar
Oxunma sayı: 3618

Seymur Verdizadə

Ali məktəblərə keçiriləcək qəbul imtahanlarının vaxtı yaxınlaşdıqca, abituriyentlərlə birlikdə onların valideynlərinin də həyəcanı artır. Bəzi ata-analar 11-ci sinif şagirdi olan övladlarını həvəsləndirmək üçün onlara müxtəlif vədlər verirlər.

Tanışlarımdan biri BDU-nun hüquq fakültəsinə daxil olacağı təqdirdə, oğluna bahalı avtomobil almağı söz verib. Başqa bir tanışım isə həkim olmağa hazırlaşan qızına deyib ki, imtahandan yüksək bal toplasa, ona qızıl boyunbağı və sırğa alacaq. Müşahidələrim onu deməyə əsas verir ki, hətta maddi durumu yaxşı olmayan valideynlər də övladları üçün fədakarlıq etməyə hazırdırlar.

Çoxillik qonşularımızdan olan Vasif müəllim isə cəmi bir neçə gün sonra kamal attestatı alacaq oğlunu həvəsləndirmək üçün hər hansı addım atmağa tələsmir. Buna səbəb oğlunun jurnalistika fakültəsini seçməsidir. Sınaq imtahanlarında yüksək bal toplayan qonşumuz gələcəkdə jurnalist olub, milli mətbuatımızın inkişafına töhfə vermək istəyir. Bakıda ortabab bir müəssisəyə rəhbərlik edən atası isə oğlunun bu arzusunun qarşısında sədd çəkməkdə israrlıdır. Vasif müəllim qonşuların yanında deyib ki, oğlu jurnalistika fakültəsinə qəbul olsa, ona nəinki bahalı hədiyyə almayacaq, hətta universitetə gedib-gəlməyə yolpulu da verməyəcək. Səbəbini isə belə izah edib: “Hər gün yanıma üç-dörd jurnalist gəlir. Eləsi var ki, beş manat pul almaq üçün dondan-dona girir. Qapı-qapı dilənmək mənim oğluma yaraşar?”

Neçə vaxtdan bəri Vasif müəllimə həmin adamların həqiqi deyil, “reket” jurnalist olduqlarını izah etməyə çalışsam da, bir faydası yoxdur. Nə qədər acı olsa da, reallıq ondan ibarətdir ki, “mətbu reketçiliklə” məşğul olan bu dələduzlar jurnalistikanı nüfuzdan salmağa nail olublar. Bu acı reallıq gənclərin ixtisas seçiminə də öz təsirini göstərir. 2013-cü ildə jurnalist olmaq arzusu ilə qabiliyyət imtahanlarına qatılan abituriyentlərin sayı 1300 nəfər təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 200 nəfərə düşüb...

Jurnalistika əvvəllər istedadlı insanların fəaliyyət meydanı sayılsa da, son illər savadsız adamların dolanışıq mənbəyinə çevrilib. Ərindən boşanan arvadların yarısı müğənni, yarısı isə jurnalist olmaq istəyir. Jurnalist peşəsinin şərəfini ucuz tutan adamlar təkcə özlərini deyil, həm də sözü hörmətdən salırlar. Yalnız Bakı və Sumqayıtda deyil, hətta rayonlarda da elə bir idarə və müəssisə yoxdur ki, “reket” jurnalistlər onların rəhbərlərindən pul istəməsinlər. Vəziyyət o həddə çatıb ki, artıq özlərini jurnalist adlandıran bu adamların çoxunu qapıdan qovurlar.

Ötən gün elektron ünvanıma bir link göndərmişdilər. Materiala nəzər salanda məlum oldu ki, “Araz” supermarketində gənc jurnalistlərdən birini qapıdan içəri buraxmayıblar. Buna səbəb jurnalistin sözügedən supermarketlə bağlı ard-arda tənqidi materiallar hazırlaması olub. Əlbəttə, hər bir istehlakçı kimi həmin jurnalistin də aldığı məhsulun keyfiyyəti ilə maraqlanmaq hüququ var. Amma “Araz”ı sırf rəqib supermarketlərə xoş gəlmək üçün pisləyirsə, düz eləyib onu qapıdan qovurlar. “Araz” supermarketinin bir şöbəsi də bizim evin yanında yerləşir. Demək olar ki, hər gün ordan alış-veriş edirəm. Amma indiyə kimi heç kəs məni qapıdan qovmayıb. Jurnalist iş adamlarının əlində oyuncağa çevriləndə bilməlidir ki, bir gün qapı arxasında qalacaq.

Bu faktı xüsusi olaraq qabartmağımın bircə məqsədi var: “reket” jurnalistlərə qarşı mübarizəyə hamı qoşulmalıdır! Açıq danışmaqda fayda var, Azərbaycanda “reket” jurnalistlərin mövcudluğunu təmin edən əsas obyektlər təhsil və səhiyyə müəssisələridir. Məktəb və xəstəxanalarda rüşvət tüğyan etdiyi üçün “reket” jurnalistlər həmin müəssisələrin qapısından əl çəkmirlər. Əgər “Araz” supermarketinin rəhbərliyinin göstərdiyi qətiyyəti məktəb direktorları ilə baş həkimlər də göstərsələr, “reket” jurnalistlərin meydanı daralar. “Reket”ləri bir qaşıq suda boğmaq üçün müəssisənin çay və ya dəniz adı daşıması vacib deyil. Əsas olan iradədir...