BDU-da elmi-konfrans

bdu-da-elmi-konfrans
Oxunma sayı: 707

Bakı Dövlət Universitetində “Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransda çıxış edən rektoru Abel Məhərrəmov xarici qonaqları, professor-müəllim heyətini salamlayaraq Konstitusiyamızın qəbulunun 20-ci, BMT-nin və YUNESKO-nun yaradılmasının 70-ci, Avropa Konvensiyasının qəbulunun 65-ci ildönümünə həsr olunan konfransın əhəmiyyətindən danışıb. Konstitusiyanın Avropa ölkələri və dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən rektor, habelə Almaniya ali təhsil ocaqları ilə əlaqələrdən, Vürzburq Universiteti ilə “İkili diplom” layihəsinin uğurla davam etməsindən də bəhs edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, 20 il əvvəl Konstitusiya komissiyası yaradılıb və çox nüfuzlu şəxslərin, alimlərin, mütəxəssislərin hər birinin rəyləri nəzərə alınmaqla hazırkı Konstitusiya qəbul olunub. Ölkədə bütün qanunvericilik və digər normativ hüquqi aktlar bu əsas qanuna söykənir.
Çıxış edən Vürzburq Universitetinin prorektoru Ekxard Paxe və universitetin hüquq fakültəsinin dekanı Əmir Əliyev iki günlük konfrans barədə ətraflı danışaraq, keçiriləcək iclaslar, müzakirə olunacaq mövzular barədə məlumat verib.

Daha sonra konfrans işini bölmələrdə davam etdirib. Ümumilikdə 4 bölmə iclasında keçiriləcək konfransda 35 məruzənin dinlənilməsi nəzərdə tutulub.