“Bayram axşamında qonaq getmək olar...”

bayram-axsaminda-qonaq-getmek-olar
Oxunma sayı: 2635

“Novruzda bayram axşamının evdə keçirilməsinin mütləq olması doğru fikir deyil. Həmin gün qonaq da, başqa yerə getmək də olar. Heç bir şey olmayacaq, bunlar sadəcə inanclardır. Elmi məsələ deyil”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı deyib.

Onun sözlərinə görə, yaz mərasimi şimal yarımkürəsinin şərq regionunda yaşayan xalqların bayramıdır: “Yəni bu bayram qış-yaz əvəzlənməsi olan ölkələrdə qeyd olunur. Bütün dövrlərdə Azərbaycan və bizə qonşu olan ölkələrdə yazın gəlişi qeyd olunub. Amma bütün hallarda hər xalqın öz Novruzu var. Məsələn, bizdə “kosa-kosa” mərasimi var, bu mərasim digər türk xalqlarında yoxdur, ancaq Azərbaycan Novruzunun tərkib hissəsində olan elementdir. Məsələn, türkmənlər, özbəklərdəki mərasimlərin də bir çoxu bizdə yoxdur. Ümumiyyətlə, Novruz bütün dövrlərdə el bayramı kimi qeyd olunub. Sovet dövründə, yəni müəyyən bir dövr ərzində Novruz yasaq olunduğundan ev bayramı halına gəlmişdi. Bütün bunlara baxmayaraq, xalq öz bayramını unutmadı".

M.Qasımlı bildirib ki, Novruzun tarixi çox uzaqlara gedir: "Amma XI-XII əsrlərdə Səlcuqlular dönəmində geniş qeyd olunmağa başlayıb. Bununla belə, ondan qədimlərdə də köklərinə rast gəlinib”.

Direktor müavini qeyd edib ki, bayram uzun müddət davam etdiyindən hazırlanan nemətlərin çoxluğunu israfçılıq kimi qiymətləndirmək olmaz: “Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni ildən xeyir-bərəkət, bolluq-firavan həyat diləmək arzu-istəyini simvollaşdırır. Bayram bir neçə gün davam etdiyindən bişirilən şirnilər hamısı yeyilir”.
Alim bayram axşamı süfrəyə qoyulan 7 eyniadlı nemətin hansılar olmasını da açıqlayıb: "Bu, müqəddəs sayılan 7 rəqəminin uğur gətirəcəyinə inamla bağlıdır. Azərbaycanın bir sıra bölgələrində, məsələn, Ordubad, Təbriz, Urmiya və s. bölgələrdə "İlaxır çərşənbə"nin “Yeddi ləvin bayramı” adı ilə tanınması da bu səbəbdəndir. Əvvəlki dövrlərdə yaz bayramında süfrəyə “şin” (ş) hərfi ilə başlayan təamlar qoyularmış: şərbət, şəkər, şərab, şəkərbura və s. Sonralar İslam dönəmində “şərab” yasaq olduğundan süfrəyə adı “şin” (ş) hərfi ilə deyil “sin” (s) ilə başlayan nemətlərin qoyulması məqsədyönlü bilindi: su, süd, səməni, səbzə (göyərti), sumaq və s”.

Şöbə müdiri Keçəl və Kosanın geyimlərinin mahiyyəti, nəyin rəmzləri olmasına da aydınlıq gətirib: “Adamların əksəriyyəti onların yazın rəmzi olduğunu elə bilir, amma belə deyil, onların hər ikisi qışın rəmzidir. Orada qışı məsxərəyə qoymaq, ələ salıb, əylənmək var. Kosa keçi deməkdir. Mərasimdə tarixən iki keçi olub: biri yaşlı, biri isə gənc keçi. Gənc keçi məclisə daxil olur, buynuzu ilə yaşlı keçini qovub uzaqlaşdırır. Mərasimdə köhnə illə yeni il qarşılaşdırılır. İndi keçirilən mərasimlərdə kosanın boynundan zınqırov da asılır, o, keçinin rəmzidir. Yaxşı olardı ki, bu bayrama yazın obrazı olan Novruz baba da daxil olsun. Çünki buna ehtiyac var, belədə hər şey yerində olar”.