Baş həkimin dedikləri və bu 3 söz...

bas-hekimin-dedikleri-ve-bu-3-soz
Oxunma sayı: 3173

Nərmin Dadaşova

Pulsuz, müalicə və “semaşko” xəstəxanası. Bu 3 sözdən cümlə qura bilərsənmi, oxucu dost? Bir də təkrar edirəm, pulsuz, müalicə və “Semaşko”xəstəxanası.

Xəstəxananın baş həkimi bu gün müsahibəsində belə göyçək bir yalan danışıb. Deyib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə müayinələr pulsuz aparılır. Demək olar ki, hamımızın ömrümüzdə bir dəfə də olsa yolu düşüb ordan. Yəni, bu cümlənin ağ yalan olduğunu bilən minlərlə insan var ətrafımızda. Onda belə çıxır ki, Ədalət doktor bu müsahibədə qurduğu o müdhiş yalanı bizə yox, aidiyyatı orqanlara söyləyib. Əgər belədirsə, gəlin, biz də susmayaq. Elə üzümüzü həmin orqanlara tutub həqiqəti söyləyək.

“Semaşko” xəstəxanasında sonuncu dəfə 5-6 ay əvvəl boyun fəqərə sümüyünü sındıran qohumumun ziyarətində olmuşam. Əvvəlcə ondan başlayım ki, mübarək ayağımı xəstəxanın dəhlizinə basan kimi, iki xəstəxana əməkdaşı deyinə-deyinə xərəkdə gətirdikləri başı, gözü sarğılı xəstəni ayağımın altına sərdilər. Bir balaca “panik-atak” meyillisi olan bəndənizin nə hallara düşdüyünü bir özüm, bir də qapıdakı güvənlik kameraları gördü. Sonra da onunla davam edim ki, boynu sınmış oğullarının orda müalicə aldığı bir ay müddətində qohumlarımın dərisini soyub, üstünə də duz səpdilər. Novakaindən tutmuş, korsetə qədər - hamısını özümüzə aldırdılar.

Ancaq onu da deyim ki, Ədalət müəllimin müsahibəsindəki, “rəsmi şəkildə pul almırıq” ifadəsə də ürəyimi yumşaltmamış deyil. Doktor gerçəklik payını da kəm etməyib yalanından. Həm də həkimlərə məxsus saflıqla, ahəstədən etiraf etmiş olub, xəstəxanadakı tibb bacılarından tutmuş, təmizlikçilərə qədər hamının qeyri-rəsmi şəkildə insanların ciblərini necə təraş etdiyini. Və əlbət ki, bu problem təkcə “Semaşko”da yaşanmır...

Adamı yandıran odur ki, hər cür texniki avadanlıqlarla təchiz edilmiş dövlət xəstəxanaları, uşaq poliklinikaları, doğum evləri ola-ola bir yerimiz ağrayan kimi, evimizdəki sonuncu qəpiyimizə qədər götürüb özəl xəstəxanalara qaçırıq. Çünki özəl xəstəxanalarda bizdən girişdəcə “rəsmi şəkildə” pul alıb yaxamızdan əl çəkirlər, bizimlə xoş davranıb, bütün dərd-sərlərini üstümüzə tökmürlər. Ancaq yuxarıda sadaladığım dövlət xəstəxanalarında bütün bunların əksini yaşayırıq. Yenə də, souncu qəpiyimizə qədər verir, üstəlik, minnət, sir-sifət, acı sözlərə də ev yiyəliyi etmiş oluruq ağrıyan canımızla. Mən bütün bunlar haqqında ordan-burdan eşitdiklərimə inanıb yazmıram, oxucu dost. İki qızından birini dövlət, o birini özəl xəstəxanada dünyaya gətirmiş vətəndaş kimi yazıram. Əməliyyatdan yarım saat sonra üstümə qışqıran o qadını unuda bilmirəm. “Sakit ol”, dedi, “Zırıldama, başım ağrayır”. Yalnız anamın ona verdiyi on manatdan sonra yanıma gəlib başımı sığallamışdı, “çalış yatasan, bir-iki günə düzələcəksən” deyib, saxta-saxta gülümsəmişdi.

Bir neçə gün əvvəl, Türkiyədə “Uzman” olmuş cərrah dostumuz qonağımız idi. Orada çalışdığı beş ildə bir şeyi öyrəndiyini dedi “Bizim işimiz, nəbzi vurmayan xəstənin üstünə atılıb ürək masajı etməkdir, onun cibini güdmək yox.”

Necə gözəl cümlədir, necə ədalətli cümlədir, Ədalət müəllim. Deyilmi?