BANM tələbəsinin layihəsi təqdim olunub

banm-telebesinin-layihesi-teqdim-olunub
Oxunma sayı: 1627

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbəsi Pakizə Paşayevanın “I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihəsinin açılış mərasiminə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihə iştirakçıları və BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 2-ci kurs tələbələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək layihənin məqsədini açıqlayıb. Təhsil aldığı Bakı Ali Neft Məktəbində gənclərin təşəbbüslərinin dəstəkləndiyi vurğulayaraq layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı tərəfindən Pakizə Paşayevanın layihəsinə verilən dəstəkdən söz açaraq, onun Binəqədi rayonu 244 saylı orta məktəbi bitirdiyini deyib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva azərbaycanlı gənclərin ölkə hüdudlarından kənarda təhsil alması üçün imkan yaratmasından və dəstəyindən danışıb.
Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Bakı Ali Neft Məktəbinin öndə gedən ali təhsil müəssisəsi olduğunu bildirərək Pakizə Paşayevanın məhz bu ali təhsil müəssisəsində təhsil almasını yüksək dəyərləndirib.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova BANM-də tələbə-gənclər üçün geniş imkanlar yaradıldığını, dövlətimiz tərəfindən həyata keçirilən siyasətin davam etdirildiyini, gənclərin təşəbbüslərinə hər zaman qayğı və diqqət verildiyini və BANM-in rəhbərliyi tərəfindən dəstəkləndiyini deyib.

Qeyd edək ki, ““I can or I must” (Mən bacara bilərəm və ya mən etməliyəm) adlı layihənin reallaşdırılmasında əsas məqsəd geniş təhsil imkanlarının yarana bilməsi, həmçinin, karyerada sürətli inkişaf baxımından kifayət qədər böyük önəm kəsb edən ingilis dilini ümumi gedişatda seçilmiş layihə iştirakçılarına daha effektli üsullarla və intensiv şəkildə öyrətməkdir.

Layihə ilkin mərhələdə 3 ay davam etdiriləcək.