BANM-də Erasmus+ günü keçirildi

banm-de-erasmus-gunu-kecirildi
Oxunma sayı: 653

Bakı Ali Neft Məktəbi (BANM) ilk dəfə Avropa İttifaqının Erasmus+ proqramı üzrə milli nümayəndəliyi ilə birgə Erasmus+ proqramı ilə bağlı Azərbaycanın ali təhsil müəssisələri üçün Məlumatlandırma günü keçirib.

BANM-dən "Qafqazinfo"ya verilən məlumata görə, Milli Erasmus + ofisi ilə birgə keçirilən tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, o cümlədən Avropa Ittifaqının ölkəmizdəki nümayəndəliyinin  təmsilçisi və bir sıra səfirliklərin əməkdaşları, həmçinin Bakı, Naxçıvan Muxtar Respublikası, Sumqayıt, Lənkəran və Mingəçevirdə yerləşən ali təhsil müəssisələrinin rəhbərləri və təmsilçiləri, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov tədbirin açılışında çıxış edərək qonaqları salamlayıb və tədbirin ölkədə ali təhsilin gələcək inkişafı və Azərbaycan ali təhsil müəssisələrinin Avropa İttifaqı ölkələrinin universitetləri və təhsil strukturları ilə beynəlxalq əməkdaşlığı üçün əhəmiyyətini vurğulayıb. 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeron Uilems bu tədbirin Ali Məktəbdə keçirilməsinə görə BANM-ın rəhbərliyinə öz təşəkkürünü bildirib və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək siyasətinin əsas prinsipləri haqqında qısa məlumat verib. 

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə eksperti Pərvin Qəhrəmanova, SOCAR-ın vitse prezidentinin müavini Asif Şəfəqqətov, Erasmus+ proqramının milli nümayəndəliyinin rəhbəri Pərviz Bağırov, British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elizabet Vayt, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərlə iş üzrə attaşesi Batist Minyo, SOCAR-ın elm və texniki şöbəsinin əməkdaşı Nazim Vəliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssisi Rza Zülfuqarlı çıxış ediblər.