Balta ilə adam öldürənlər..

balta-ile-adam-oldurenler
Oxunma sayı: 1811

Xuraman Hüseynzadə

Çörək doğradığımız bıçaqla insan həyatına son qoymağın mümkünlüyü ilə uşaq vaxtı tanış oldum. Kənddə nənəmgilin qonşusu Sahib arvadını o dünyalıq eləmişdi bıçaqla. Yadımdadı ki, hadisədən sonra qonşu qadınlar evdə nə qədər balta, bıçaq vardı, hamısını gizlətmişdi. Dəhşətli qətl idi. Sovetin vaxtında belə hadisələr nadir hallarda olurdu.

Dostoyevskinin “Cinayət və Cəza”sındakı Raskolnikovdan çox qorxdum sonra. Onun bu əməlini insan psixologiyasının mürəkkəbliyi, qəlbdən inamın, etiqadın, Allaha məhəbbətin azalması ilə əlqələndirsələr də təfərrüata varmadan qatil Raskolnikovdan qorxmuşdum. Dərk etdiyim isə yalnız Dostoyevskinin bu əsərlə belə bir subliminal mesajı oldu: Cinayətlə, qan tökməklə haqqa, ədalətə xidmət etmək olmaz.

Və o romanı daha oxumadım...

Sonralar elə hadisələr eşitdim ki, Dostoyevskinin qəhrəmanının cinayəti onların yanında necə deyərlər, toya getməli oldu. Raskolnikov Sonyanın təkidilə şəhər meydanında diz çöküb üzr istəməyi bacarmışdı, mənim gördüyüm qatillərin arasında isə “əcəb eləmişəm” deyənlər vardı. Demək ki, bu adamlar mənəvi kamilliyə heç vaxt çatmayacaqdılar və ürəklərində tükənən məhəbbətin yerində əbədi olaraq nifrət kök atmışdı.

Bu yazını yazdığım gün iki baltalanma hadisəsini oxudum. Birində oğul atasını, o birində ər keçmiş arvadını və 12 yaşlı oğlunu baltalamışdı. Bu insanlar hansı mühitdə böyüyür, tərbiyə alır, nə ilə qidalanır ki bu qədər qəddar, qətrəhm olurlar? Bir gündə iki baltalanma hadisəsinə şahidlik edən cəmiyyət hansı təhlükə ilə üzləşdiyini bilirmi?

İki il öncə əyalətdə hüzr məclisindəydik. Mərhum bıçaqla qətlə yetirilmişdi. Məclisə gələnlər baş vermiş faciəyə münasibət bildirir, qatilləri lənətləyirdi. Heç vaxt çoxluq içində danışmasam da burda tək bir cümlə ilə fikrimi bildirdim: “Hamısı kitab oxumamağın nəticəsidi.”

Sakitlik çökdü. Deyəsən dediyimi başa düşmədilər. Çıxanda gənc bir xanım çantasından bir kitab çıxartdı. Adını yazıb reklam eləmək istəmirəm: sevgi-məhəbbət macərasını səviyyəsiz bir entuziazmla qələmə alan yazıçıydı. Xanımın yerinə xəcalət çəkdim...

Ziyalılar kitaba diqqətin artmasının müsbət tərəflərini tez-tez qabardır. Kaş bunu haqqa arxa çevirib cahilliyə qucaq açanlar da başa düşəydi...

Baltanı, bıçağı tutan əllər kitab tutmağı öyrənsə bu qədər faciələr baş verməz...

Və kaş işsizlik, pulsuzluq problemləri olmayaydı. Bütün bəlaların səbəbi cahilliklə yanaşı bekarçılıq və kasıblıqdır...