Bakının dayanacaq problemi... - Sərnişinlər narazıdır

bakinin-dayanacaq-problemi
Oxunma sayı: 3909

“Bakubus” avtobuslarının ölkəmizdə fəaliyyətə başlaması sərnişindaşımada olan bir çox problemləri aradan qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, 8 marşrut xətti ilə hərəkət edən avtobusların həm rahatlığı, həm də sərnişin sürücü münasibətlərini nizama salması müsbət hal kimi qiymətləndirmək olar. Avtobusların dayanacaqdan kənar saxlamaması ölkədə illərdir ənənə halını alan bu problemin həllinə səbəb oldu və sözügedən qərar bir çox sərnişinləri də sevindirdi. Üstəgəl yeni qərar Bakıda, həm də dayanacaq problemini ortaya çıxartdı.

Məlum oldu ki, paytaxtın bir çox küçələrində dayanacaqlar arası məsafə kifayət qədər böyükdür.  Məsafənin uzaq olduğundan gileylənənlər də az deyil. Sürücü ilə sərnişinlərin bu mövzuda mübahisələrinə, yəqin, hamınız hər gün şahid olursuz. Hər gün "BakuBus"ın istifadəçisi olan Esmira Niftili adlı sərnişinin sözlərinə görə, dayanacaqlar arasındakı məsafə böyük olduğu üçün bir neçə quruma müraciət etsə də cavab verən olmayıb:

“Mən 5 nömrəli avtobusun daimi sərnişiniyəm və dayanacaqların qeyri-proporsional bölünməsindən şikayətçiyəm. Məsələn, Xətai prospektindəki dayanacaq (Nemət bazarı) ilə növbəti dayanacaq - Təbriz küçəsi (Təfəkkür universiteti) arasındakı məsafə 1,1 km-dir. Eyni zamanda əks istiqamətdə hərəkət edərkən, Təfəkkür universiteti ilə növbəti dayanacaq - 28 May metrosu arasındakı məsafə 1 km-dir. Halbuki Təbriz küçəsindəki dayanacaqlar arasındakı məsafələr normaldır. Bu zəmində adətən sərnişinlər ilə sürücülər arasında münaqişələr yaşanır, 28 May metrosunun qarşısında ças-pik saatlarında tıxacın olması vəziyyəti daha da pisləşdirir. Dayanacaqlar arasındakı məsafənin şəhərdaxili nəqliyyat üçün çox böyük olmasını nəzərə alaraq, hər iki istiqamətdə daha bir dayanacağın təsis edilməsi ilə əlaqədar BŞİH-nin elektron ünvanına müraciət etsəm də, heç bir cavab gəlməyib”.

 

Məsələ ilə əlaqədar olaraq NİİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı ilə əlaqə saxladıq. Şöbə müdiri bildirib ki, bu kimi hallarda sərnişinləri İcra hakimiyyətinə və ya NİİM-ə müraciət etməlidir:

“Dayanacaqları İcra hakimiyyəti quraşdırır və birbaşa onların səlahiyyətindədir, ancaq dayanacaqlar arasındakı məsafə ilə bağlı hər hansı bir problem olarsa, sərnişinlər bizə də müraciət edə bilərlər. Bu kimi şikayət daxil olduğu zaman biz qurumun adından İcraya müraciət məktubu göndəririk”. 

Şöbə rəhbəri dayanacaqlarda avtobus informasiya terminallarının işləməməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “İnformasiya terminalları ilə bağlı onu deyə bilərəm ki, hazırda avtobuslara izləmə cihazları quraşdırıldığı üçün onların dayanacaqlardakı monitorlara inteqrasiyası üzərində iş aparılır. İlin sonuna kimi hamısının yekunlaşacağını planlaşdırmışıq, hazırda sazlama işləri gedir. Bütün bu izləmə cihazları quraşdırıldıqdan sonra dayanacaqlardakı monitorlarda həm BakuBus avtobuslarının marşrut xətləri, həm də yenilənən xətlər haqqında bütün informasiyalar yerləşdiriləcək. Köhnə xətlər ləğv olunacaq. İndi bilərəkdən özümüz yeniləmirik, dediyim kimi iş davam edir hələ. Monitorlarda kartların balansının göstərilməsinə qaldıqda isə bütün avtobuslar kart sisteminə keçdikdən sonra o da təmin olunacaq”.

Dayanacaqlar arasındakı məsafəni müəyyən edən hər hansı bir kəmiyyətin olub olmadığını internet üzərindən araşdırsaq da, müxtəlif versiyaların olduğunun şahidi olduq. Həm KİV nümayəndələri, həm də sakinlər bu məsafənin 300 və yaxud 400 m müəyyən olunduğunu və bir çox dayanacaqlarda 1 km-dən artıq məsafənin olmasını qanunauyğunsuzluq kimi qiymətləndirib. Məsələyə aydınlıq gətirən həmsöhbətimiz hüquqşunas Ərşad Hüseynov qanunvericilikdə bununla bağlı hər hansı dəqiq bir rəqəmin olmadığını bildirib:

“400 m piyada keçidləri üçün nəzərdə tutulub, bu rəqəmin özü də mücərrəddir. Dayanacaqlar arasında olan məsafəni müəyyən edən hansısa bir kəmiyyət yoxdur. Dayanacaqlar sakinlərin, obyektlərin sığlığından asılı olaraq müəyyən olunur. Elə ola bilər ki, 1 kilometrdən bir, elə də ola bilər ki, bir küçədə hər 200-300 metrdən bir dayanacaq quraşdırıla bilər. Burada hər hansı bir minimal və yaxud maksimal bir ölçü vahidi yoxdur. Sərnişinlərin istəyi, həm də meyarlar nəzərə alınaraq yeni dayanacaqlar qoyula bilər. Bunun üçün 5 nömrəli və yaxud digər marşrutdan istifadə edən sakinlər müraciət etməli və bu müraciət əsasında əraziyə baxış keçirilərək meyarlara uyğun gəldiyi təqdirdə yeni dayanacaqlar qoyula bilər”.

Sakinlərin şikayətləndiyi digər bir hal isə dayanacaqların çoxunda ödəmə terminallarının olmaması ilə bağlıdır. Kukla teatrının qarşısındakı dayanacaqlardan mütəmadi istifadə edən Eldar Yusifovun sözlərinə görə, dəfələrlə kartında ödəniş olmadığı üçün Sahil metro stansiyasına getməli olub: “Bu dayanacaqlarda terminal olmadığı üçün çox vaxt karta böyük məbləğ yükləməyə çalışıram. O ki kartda pul olmadı, qalıram yolda. Məcbur ya Sahil metrostansiyasına gedib karta pul yükləməli, ya da birinə 20 qəpik verib keçirməsini xahiş etməliyəm. Bu da zaman itkisidir”.

Dayanacaqlardakı ödəmə teminallarının sayı ilə bağlı sualımıza Bakıkart şirkətindən cavab ala bilməsək də, "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova “Bakubus” marşrut xətləri üzərinə düşən dayanacaqların çoxunda ödəmə terminalının olduğunu bildirib: 8 marşrut xəttimiz var və bizim marşrut xətlər üzərinə düşən dayanacaqların çoxunda ödəmə terminalları quraşdırılıb. Olmayanlarda da marşrut xətlərimizin üstündə olan köşklərin 70%-dən kartları əldə etmək və ya balansı artırmaq mümkündür. Dünyanın heç bir yerində bütün dayanacaqlara terminal quraşdırılmalıdır deyə bir qanun yoxdur. Vətəndaş bu kimi halları nəzərə alıb kartına kifayət qədər pul oturtdurmağa vərdiş etməlidir”.

Əslində sözügedən problemlərin yaşanmasının əsas səbəblərindən biri sakinlərin çoxunun məlumatsız olmasıdır. Ödəmə terminallarının olmaması ilə bağlı daha çox şikayət daxil olan Heydər Əliyev və Neftçilər prospektlərində, Mərkəzi Bankın hər iki tərəfindəki dayanacaqlarda terminallar olmasa da, yaxınlıqdakı köşklərdə bu əməliyyatı həyata keçirmək mümkündür. Söhbətləşdiyimiz 73 nömrəli kioskun satıcısı Nicat Məmmədli sərnişinlərin tez-tez balansı artırmaq və yeni kart əldə etmək üçün onlara müraciət etdiyini, ancaq çox adamın belə bir xidmətdən xəbərsiz olduğunu bildirib.

Günel Hacı

Fotolar: Nuran