Bakıda tələbə qız qripdən ölüb? - Həkim rəyi

bakida-telebe-qiz-qripden-olub
Oxunma sayı: 3683

Bir neçə gün əvvəl İqtisad Universitetinin Sabah qruplarında maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsi Xavər Ağayeva dünyasını dəyişib. Onun qrip xəstəliyinin kəskinləşməsindən öldüyü iddia edilir. Qrip həqiqətən ölüm səbəbi ola bilərmi?

“Qafqazinfo”nun məlumatına görə, Klinik Tibbi Mərkəzin (KTM) Hava-damcı infeksiya şöbəsinin həkimi Nigar İsmayılova modern.az-a deyib ki, bu təsdiqlənməmiş məlumatdır:

“Qrip ölüm səbəbi ola bilər. Amma ilk növbədə diaqnozun təsdiqlənməsi lazımdır. Bu çox ciddi məsələdir. Qrip ensifalit verdiyi təqdirdə ölümə səbəb ola bilir. Bu zaman beyinin yumşaq qişaları zədələnir, beyində şişkinlik əmələ gəlir. Əgər xəstəyə vaxtında müdaxilə edilməzsə, həyati təhlükə yaranır.

Amma həmin şəxsin ölüm səbəbi araşdırılmalıdır. Məlumatı dəqiqləşdirmədən “qripdən öldü” deyə tirajlamaq doğru deyil.

Ölən şəxs virus infeksiyasına, herpis, sitomeqalovirusa yoluxmuş, həmçinin risk qrupuna aid xəstə ola bilər. Bunun ekspertiza nəticələrini öyrənib təsdiqləmək lazımdır”.

Həkim bildirib ki, risk qrupuna daxil olanların qrip virusuna yoluxması təhlükəlidir:

“65 yaşdan yuxarı şəxslərin, ürək-damar, ağciyər xəstəliyinin daşıyıcılarının qripə yoluxması onların həyatı üçün təhlükədir. Bu şəxslərdə qripin ağırlaşması ölümə səbəb ola bilər. Bizdə belə bir hal qeydə alınmayıb”.