“Bakı – Pyatiqorsk” avtobusunda hərəmxana...

baki-pyatiqorsk-avtobusunda-heremxana
Oxunma sayı: 4660

Nadir Qocabəyli

(3-cü hissə)

Hacı ilk növbədə sarı oğlana təpindi, “rədd ol, burdan” deyib, onu arxaya qovdu, amma hiss etdim ki, bunu boğazdan yuxarı edir. Sonra, “a kişi, bunları nə qədər öyrədirəm, yenə də xeyri olmur da...” deyərək yalandan şikayətləndi. Sonra da dedi ki, narahat olmayım, yer məsələsini həll edəcək. Digər məsələlərə münasibət bildirmədi.

Bir azdan mənə doğrudan da lap qabaqda yer verdilər. Hacı sükan arxasına keçmiş, öz yerini mənə vermişdi. O mənə hörmətlə yanaşaraq, su və yemək təklif etdi. Suyum da, yeməyim də olduğunu bildirib təşəkkür etdim. Çeçenistanda əlimi yumağa su tapmayanda, butulkadan əlimə su tökdü. Mahaçqalada mənim üçün çay sifariş verdi, ancaq razı olmayıb, çayın pulunu özüm ödədim.

Əlqərəz, gəlib çatdıq sərhədə. Sərhədi elə bir xüsusi çətinlik olmadan keçib, yüklərimizlə birlikdə avtobusu gözləməyə başladıq. Məlumat üçün bildirim ki, gömrükdən keçərkən avtobus tamamilə boşaldılır və sərnişinlər yüklərini özləri aparırlar. Mən də əl arabasına yüklədiyim bir neçə çanta və sellofan torba ilə gömrük qapısının qarşısında dayanıb, avtobusun yolunu gözləməyə başladım.

Sərnişinlərin hərəsi bir yana dağılmışdı. Kimi avtobusu gözləmədən taksiyə minib getmiş, kimi çayxanada çay içir, kimi də dayanıb gözləyirdi. Xeyli gözlədikdən sonra avtobusun gəldiyini görüb, sevindik. Amma o bizim yanımızda saxlamadan sürətlə ötüb keçdi. Narahat olduq. Ancaq təcrübəsi olanlar dedi ki, rentgenə, ya da laboratoriyaya gedir, geri qayıtması isə xeyli çəkəcək. Odur ki, çay içməyə vaxt var. Çay sifariş verib, gözləyirdim ki, qaçaqaç düşdü. Dedilər, avtobus gəlir. Tez ayağa qalxıb, yükümün yanına gəldim, ancaq dedilər ki, hələ gəlmir. Yenidən çay içməyə qayıtdım. Çay gəldi və bir stəkan süzüb içdim. İkincini süzüb, bir qurtum almışdım ki, yanə qaçaqaç düşdü. İstədim stəkanı axıracan içim, amma bir nəfər məni tələsdirdi ki, avtobus gedir, gərək tez özümüzü çatdıraq. Əl arabamı götürüb, təxminən 500 metr aralıda dayanmış avtobusa doğru qaçmağa başladım. Onu da deyim ki, qaçanlar arasında yüklərini əllərində daşıyan yaşlı, uşaqlı qadınlar da vardı. Avtobusa çataçatda dönüb arxamca sürüdüyüm arabama baxanda, çantalarımın yerə töküldüyünü gördüm. Qayıdıb toplayanda avtobusun yanında dayanıb sərinişinlərə “tez olun, cəld olun!” əmri verən “feminist” xidmətçi (bundan sonra ona “Aftoş” deyəcəyik, çünki avtobusun digər işçiləri onu nədənsə belə çağırırdılar) yanında yeni peyda olmuş köməkçisinə mənim yükümü baqaja qoymasını əmr etdi. O da tələm-tələsik əmri yerinə yetirdi və avtobus yola düşdü.

Avtobus xeyli seyrəldiyindən, artıq iki nəfərlik skamyaların çoxusunda adamlar tək-tək oturmuşdular. İrəlidə yenə əvvəlki tək qadınlar idilər. İlk dəfə diqqət etdim ki, onların arasında 6-7 gənc qız da var və artıq gecə düşdüyündən, qabaqdakı oturacaqlarda təkbaşına oturub mürgüləyirlər. Aftoş ayamalı “feminist” də özünü lap qabaqda oturan həmin gənc qızlardan birinin böyrünə vermişdi. (Məlumat üçün bildirim ki, bu qızlar Binə və Sədərək bazaralarından mal alıb, Şimali Qafqadakı bazarlarda satmaqla məşğul olan alverçilərdir və bu yolu mütəmadi gedib gəldiklərindən, avtobusdakı oğlanlarla bir-birlərini tanıyırlar.) Keçib onun oturacağına paralel olan boş yerdə əyləşdim və onların bu yarıtmaz xidmətindən doğan qəzəbimi boğmağa çalışaraq, nəzakətlə, həm də bir qədər ərkyana (ondan yaşca böyük olduğum üçün) dedim: “Qardaşım, söz deyəndə də xətrinizə dəyir, belə xidmət olmaz axı. Niyə sərnişinlərə sizi gözləmələri üçün dəqiq yer təyin etmirsiz? Biz axı niyə ora-bura qaçmalıyıq, njiyə çantalarımız yerə tökülüb dağılmalıdır?” Elə bilirdim, bu adam öz Hacı müdiri kimi, saxta da olsa, hansısa bir səbəb gətirib, üzr istəyəcək. Amma əfsus! “Hacıya görə sənə hörmət elədik, lap həddini aşdın. Mən sənə sumka daşımalıyam?

Camaat hara gedir, sən də ora get də. Sən elə bilirsən elə həyat sənin düşündüyün kimidir? Biz belə işləyirik, xoşun gəlmir, minmə...” və s. tərbiyəsizliklər. Bu adamdan spirt qoxusu vursaydı, elə bilərdim sərxoşdu, amma başqa narkotik vasitədən istifadə edib-etmədiyini deyə bilmərəm. Çünki Hacı mənə hörmətlə yanaşdıqdan sonra, avtobusun digər xidmətçiləriylə yanaşı, onun da münasibəti yaxşı tərəfə dəyişmişdi. O bu sözləri deyəndə, baxdım ki, Hacı artıq avtobusda deyil və maşını heç bir şeyə qarışmayan gənc oğlu idarə edir.

Aftoşun cavabını lazımı qaydada verdim və məcbur olub gənc xanımın yanındakı isti yerini tərk etdi. Sakitlik yarananda birdən yadıma düşdü ki, deyəsən, yükümü baqaja qoyanda çantalarımdan biri gözümə dəymədi. Bu, əmim oğlunun mənim uşaqlarım üçün aldığı və xarab olmaması üçün termopaketə yığıdığı ərzaq sovqatı idi. Onu deyəsən, avtobusun ardınca qaçarkən salmışdım. Amma yerə tökülən çantaları yığarkən görmədim, ya əvvəl salmışdım, ya da...

Sürücü oğlandan gömrüyü keçərkən avtobusda qalıb-qalmadığını soruşdum. Çünki onlar hər dəfə salonda qalan şeylərə görə cavabdehlik daşımadıqlarını elan edirdilər. Dedi ki, avtobusda heç nə qalmayıb. Ona inandım. Ümid etdim ki, bəlkə də, yüklərin arasındadır, mənzil başına çatanda diqqətlə baxaram.

Mürgüləməyə çalışdım. Az sonra qoluma kiminsə toxunduğunu hiss etdim. Cola və Fantadan başqa, içki tanımayan sarı oğlan idi. O aramızdakı çəkişmədən sonra xeyli yumşalmışdı. İndi üzündə yazıq ifadə astaca soruşdu: “Müəllim, bu uşaq sizin yanınızda otura bilər?” Söhbət 9-10 yaşlarında məktəbli oğlandan gedirdi. O ikinci sıradakı gənc qızın yanında əyləşmişdi. “Əlbəttə olar,” – dedim. Uşaq mənim yanıma keçdikdən sonra, sarı oğlan dərhal özünü yatmış qızın yanına basdı. Dalağım sancdı. Demək, bunlar kişiləri, yaşlı qadınları ona görə arxaya qovurmuşlar ki, özlərini qabaqdakı gənc qızlara və qadınlara rahat sürtə bilsinlər. Onların bütün feminizminin və ədəbli müsəlman təəssübkeşliyinin mahiyyəti əslində öz miskin şəhvətlərini primitiv yolla söndürmək cəhdindən ibarətmiş.

Özümü yatmışlığa vurub, sarı oğlana göz qoymağa başladım. Doğrudan da, az sonra o, başını yatmış qızın çiyninə qoymağa, qolunu onun çılpaq qoluna sürtməyə başladı. Qız isə yatmış olsa da, onun bu hərəkətlərinə müqavimət göstərir, ancaq sarı oğlanı yanından qovmurdu.

Mənzil başına çatanda yüklərimi bir daha yoxladım. Uşaqlarımın sovqatı itmişdi. Artıq Hacı da buradaydı. Görünür, şəxsi maşınıyla gəlmişdi. Ona başıma gələni danışdım. Ancaq o sadəcə başını bulayaraq təəssüflənməklə kifayətləndi və səhər tezdən saat beşdə məni çay içməyə dəvət etdi.

Təbii ki, təşəkkürümü bildirib, təklifi qəbul etmədim və mən də dayanacaqda saxladığım maşınıma minib evimə gəldim.

Yazının əvvəlki hissələri ilə aşağıdakı linklərdən tanış ola blərsiz.

Birinci hissə

İkinci hissə