Bakı avtoşları Formula 1-də

baki-avtoslari-formula-1-de
Oxunma sayı: 4187

Azər Qismət

Atası nazirlikdə işləyən bir gəncin maşını polislərin üstünə sürməsindən sonra avtoş problemi yenidən gündəmə gəldi. Həmin gəncin sərxoş olması isə məsələnin təhlükəli hal almasından xəbər verir. İnanmıram ki, gələcəkdə Nicat Abdullayevdən yaxşı tərcüməçi və xarici dil müəllimi olsun. Dillər Universitetində təhsil alan bu oğlan avtoşluğu ilə gündəmə gəlibsə və günü belə şeylərlə keçirsə, təbii ki, dərsi oxumağa “vaxtı qalmaz”.

Azərbaycan efirində ilk dəfə “avtoş” sözünü mən işlətmişəm. Yox, bununla fəxr etmirəm. Sadəcə, hadisələrin sonrakı gedişatını bilsəydim və bunun fəsadlarının bu dərəcədə yayıldığını vaxtında duysaydım, o sözü işlətməzdim. 2002-ci ildə həmin sözü avtoş Bobli ilə bağlı hadisədən sonra səsləndirmişdim. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onu yaxalamaq üçün xeyli əziyyət çəkmişdilər, axırda 3-4 maşınla sıxışdırdılar. “Bobli” içkili vəziyyətdə müsahibə verib demişdi ki, “bu, bir xəstəlikdir”. Sonra görəndə ki, tamaşaçılar avtoşlarla bağlı süjetlərə çox baxırlar, materialların sayını artırdıq. Hətta onlar bizi tanıyır və kameranın qarşısında qəsdən klass nümayiş etdirirdilər. Bilirdilər ki, ekranda nümayiş etdirəcəyik. Elə də olurdu.

Lakin hiss etməyə başladıq ki, avtoşlar ağını çıxarırlar. Adamların gur olduğu yerlərdə səs-küy salırlar, yaxud hansısa maşının qarşısında “zmeykalayıb” sürücünü qıcıqlandırırlar, qəza vəziyyəti yaradırlar. Onların ucbatından neçə-neçə ailə başsız qaldı, adamlar şikəst oldu. Atası nazirlikdə işləyən oğlanın avtoşluğuna gəlincə... İnanmıram ki, atası oğlunun hərəkəti ilə fəxr etsin. Tam əminəm ki, ata ona dəfələrlə öyüd-nəsihət verib, danlayıb, bəlkə də küsüb, məzəmmət olunmaması üçün adamların yanında Nicatın adını çəkməyib. Buna görə valideyni qınamağa dəyməz. İndi kimsə deyəcək ki, “vaxtında tərbiyə verəydi”. Ancaq siz heç olmasa bircə dəfə avtoşların oturduğu məclisləri görsəniz, nədən danışdıqlarını eşitsəniz, belə deməzsiz. Onlar ancaq sürət həddindən, ötüb keçmə əməliyyatlarından, göstərdikləri klasslardan elə şövqlə danışırlar ki... Onda anlayırsan ki, bu uşaqlar düşdükləri burulğandan çıxa bilmirlər, Vahid demişkən, öz aləmləri var. Bir növ xəstəliyə tutulublar. Və bu xəstəliyin müalicəsini tapmaq, uşaqları o burulğandan çıxarmaq lazımdır. Elə götürək maşınını polislərin üstünə sürən Nicat Abdullayevi.

Onun avtoşluq bioqrafiyasına qısaca nəzər salaq. Bu oğlan avtoşluq etmək üçün “Kia” markalı avtomobili kirayəyə götürüb. Həvəsə baxın. O, bundan öncə də analoji qanun pozuntularına görə məsuliyyətə cəlb olunub. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bütün bu pozuntularla yanaşı Nicat Abdullayev Almaniyada iki dəfə bahalı avtomobil aşırıb. Artıq onun barəsində inzibati xətalar məcəlləsinə əsasən, 20 sutka həbs qətimkan tədbiri seçilib. Nicat ilin əvvəlindən bu günə qədər 2 dəfə avtoxuliqanlıq və 2 dəfə ictimai asayişi pozduğuna görə 100 gün azadlıqdan məhrum edilib. Bu dəfə isə içəridə 20 gün yatacaq. Onun avtoşluq xəstəliyi o həddə gəlib çatıb ki, polisin “Sərxoş vəziyyətdə avtomobil idarə edərkən kiminsə həyatına son qoya biləcəyinizdən ehtiyat etmədinizmi?” sualına “Yaratmışıq, cəzamızı çəkirik, burda nə var ki?”" cavabını verib. Biz neçə dəfə digər avtoşların da belə cavablarını eşitmişik. Nəticə bundan ibarətdir ki, bu uşaqları 20 günlük sutka, yaxud sürücülük hüququndan məhrum etməklə düzgün yola gətirmək mümkün olmayacaq. Sürücülük hüququndan mərhum olunacaq, başqasının maşınını alıb avtoşluq edəcək. Özü də avtoşlar arasında “yatıb-çıxmış” həmkarlarına hörmət böyük olur. Bir növ sanki “qanuni oğru” titulu qədər hörmət gətirir. Mən sizə reallığı deyirəm. Reallıq onu deməyə əsas verir ki, başqa tədbirlər görülməlidir.

Başqa tədbirlər isə təxminən belə ola bilər. Bakının ətrafında avtoşlar üçün 2 hektarlıq sahə ayrılsın. Bilirəm, indi Bakı şəhər İcra Hakimiyyətindən cavab gələcək ki, “o qədər torpağı bu xuliqanlara verən deyilik”. Ya da digər cavab ondan ibarət olacaq ki, “fondumuzda torpaq yoxdur”. İstənilən halda torpaq sahəsi ayrılsa yaxşı olar. Bax bu avtoşlar hamısı orda toplaşar və yarış keçirib gözlərinin qurdunu öldürərlər. Bakı meriyası da bundan pul qazanar. Pul fanatlardan çıxacaq. Axı, belələrinin fanatları çox olur. İçəri giriş biletlə olsun, yarışlar hər gün keçirilsin. Biletin qiyməti 1 manat. Sizi inandırım ki, ən azı o tamaşaya hər gün 200 nəfər gələcək. Məgər gündəlik 200 manat qazancın nəyi pisdir ki?! Yeri gəlmişkən, bunu hansısa sahibkar da edə bilər.

Ola bilsin, avtoşların vaideynləri buna etiraz etsinlər, çünki arada xırda qəzalar baş verə bilər, uşaqları əzilər. Bunun narahatlığı yoxdur, sürücülər uniforma və kaska geyinəcəklər. Hər həftənin, sonra hər ayın qalibi elan olunsun. Və iş heç də bununla bitməyəcək. Xaricdən mütəxəssilər çağırılsın və qaliblər üzərində daha təkmilləşdirilmiş iş aparılsın, onlarla beynəlxalq standartlara uyğun məşq keçirilsin. İnanın ki, bu uşaqlardan gələcəkdə “Formula 1” yarışları üçün klass sürücülər yetişdirmək olar. Nəhayət ki, biz də həmin nüfuzlu yarışda öz sözümüzü deyərik, ortaya peşəkarlar çıxararıq. Bilirəm, bu yerdə yol polisləri “Görüş yerini

dəyişmək olmaz” filmində kapitan Jeqlovun “Oğru həbsxanada oturmalıdır” («Вор должен сидеть в тюрьме») sözünü işlədəcəklər. Yaxşı, tutaq ki, bunları saldıq içəri. Neçə ildir ki, elə bu cür də edirik. Xeyri olmur axı?! Onlar yenə də adamların həyatına təhlükə yaradırlar. Deməli, nəsə başqa bir çıxış yolu tapılmalıdır. Bu yazıda bir çıxış yolunu mən dedim. Bəlkə başqa variantlar da var. Şəhərdən kənarda belə bir yer ayrılsa, sakinlər onların burada etdiklərini görməzlər. Unutmayaq ki, bizim avtoşlar üzərində peşəkar iş aparılsa, onlar yaxın gələcəkdə “Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer və ikiqat dünya çempionu Fernando Alonsodan geri qalmazlar. Əsas odur ki, Azərbaycan avtoşlarının xəstəliyindən lazımınca istifadə edək.