Bakı Ali Neft Məktəbində beynəlxalq konfrans keçirildi

-baki-ali-neft-mektebinde-beynelxalq-konfrans-kecirildi
Oxunma sayı: 649

Bakı Ali Neft Məktəbində (BANM) “Multisektoral əməkdaşlıq: müasir dövrdə iqtisadiyyatın inkişafında gömrük xidmətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakı Ali Neft Məktəbinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin birgə təşkilatçılığı ilə gerçəkləşən konfransın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış ediblər.

General-leytenant Aydın Əliyev bu tədbirin Ali Neft Məktəbində təşkil olunmasından məmnun olduğunu bildirib.

Konfransda “KGH Sərhəd Xidməti” şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson “Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi” mövzusunda məruzə ilə çıxış edib.

Elmar Qasımov “Azərbaycan iqtisadiyyatının inkişafında neft strategiyasının rolu”, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev “Gömrük xidmətində innovasiya layihələrinin tətbiqi və idarə olunması prinsipləri”, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycanda Hasilatın Pay Bölgüsü sazişləri üzrə gömrük prosedurları”, Dövlət Gömrük Komitəsinin baş inspektoru, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Bakı regional ofisinin meneceri Lalə İmanova “Qeyri-neft sektorunun inkişafı istiqamətində gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi” və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubski “Dəniz neft qurğularının hüquqi statusu ilə bağlı problemlər - beynəlxalq hüquq və dövlət təcrübəsi” adlı məruzələrlə çıxış ediblər.