“Azərsu”nun nümayəndə heyəti Fransada olub

azersunun-numayende-heyeti-fransada-olub
Oxunma sayı: 1075

12-14 noyabr tarixlərində Fransanın Marsel şəhərində Dünya Su Şurasının (DSŞ) 7-ci Baş Assambleyası keçirilibr. “Qafqazinfo”ya daxil olan məlumata görə, ilk dəfə olaraq Assambleyada iştirak üçün dəvət alan “Azərsu” ASC-nin nümayəndə heyəti Fransada səfərdə olub.

Baş Assambleyada dünyada su siyasətinin əsas istiqamətləri, mövcud vəziyyət və perspektivlər, növbəti 3 il üzrə fəaliyyət strategiyası, iş planı, maliyyə məsələləri, DSŞ Konstitusiyasına dəyişikliklər barədə müzakirələr aparılmış, Şuranın İdarə Heyətinə seçkilər keçirilmişdir. Qeyd edək ki, DŞŞ-nin ali orqanı hər 3 ildən bir keçirilən Baş Assambleyadır. Assambleyalararası dövrdə Şuraya 35 nəfərdən ibarət İdarə Heyəti rəhbərlik edir.
İdarə Heyətinə seçkilərdə “Azərsu” ASC-nin namizədliyi “Hökumətlər və hökumət orqanları bölməsi” üzrə qeydə alınmış və bu barədə üzv ölkələrin nümayəndə heyətləri ətraflı məlumatlandırılıb. Azərbaycanda su təhlükəsizliyi strategiyası əsas götürülərək su sektorunda həyata keçirilən layihələr, su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi proqramlarının hazırlanması və bütün bu amillər İdarə Heyətinə üzvlüyün dəstəklənməsində böyük rol oynayıb.
Assambleya çərçivəsində İdarə Heyətinin yeni seçilmiş üzvləri ilə görüşdə “Azərsu ” ASC-nin fəaliyyəti barədə geniş məlumat verilib. Onların diqqətinə çatdırılmışdır ki, ölkəmizdə istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması möhtərəm Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə kimi müəyyənləşdirilib.

Qeyd edək ki, DSŞ qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılıb. Şura su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını birləşdirən çoxistiqmətli beynəlxalq platformadır. DSŞ su ehtiyatlarının mühafizəsi, ədalətli və inteqrasiyalı idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, su ilə əlaqədar ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərir.