Azərbaycan Şəhid Mədəni Universitetinin rektoru ilə görüş

azerbaycan-sehid-medeni-universitetinin-rektoru-ile-gorus
Oxunma sayı: 1225

İranın Azərbaycan Şəhid Mədəni Universitetinin rektoru, professor Həsən Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmovla görüşdə universitetin tarixi, elmi nailiyyətləri, beynəlxalq əlaqələri, İran ali təhsil ocaqları ilə əməkdaşlıq məsələləri, eyni zamanda Azərbaycan Şəhid Mədəni Universiteti ilə elm və təhsil sahəsində əlaqələrin inkişafı müzakirə edilib.

Qafqazinfo” xəbər verir ki, Azərbaycanın qocaman ali təhsil ocağında olmasından məmnunluğunu ifadə edən rektor Həsən Vəlizadə görüşün əhəmiyyətini qeyd edərək bu səfərin əlaqələrin inkişafına təsirsiz ötüşməyəcəyini bildirib.

BDU-da fars dili və ədəbiyyatının tədrisi, kadr hazırlığı, nanotexnologiya və s. kimi məsələlərin müzakirə olunduğu görüşdə anlaşma memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, doktorant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsi, birgə seminar və konfransların təşkili kimi məsələlər əks olunub.

Qeyd edək ki, görüşdə BDU-nun prorektorları, professorlar – İradə Əliyeva və Aydın Kazımzadə, İranın Azərbaycan Şəhid Mədəni Universitetinin prorektorları - Əli Əcəmi və Mənsur İmanpur iştirak ediblər. Qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzləri ilə tanış olublar.