Azərbaycan naziri BMT tribunasında

azerbaycan-naziri-bmt-tribunasinda
Oxunma sayı: 789

14-17 noyabr 2016-cı il tarixlərində Mərakeşdə BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 22-ci Tərəflər Konfransı keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, açılış mərasimində BMT-nin Baş katibi Ban Gi Mun və Mərakeş kralı 6-cı Məhəmməd iştirak edib. Dünyanın 194 ölkəsindən 15 minə yaxın nümayəndənin iştirak etdiyi konfransda Azərbaycan tərəfini ölkə prezidentinin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

H.Bağırov çıxışında qlobal iqlim dəyişmələrinin bütün bəşəriyyət üçün böyük təhlükə olduğunu və bu təhlükənin qarşısının alınması üçün Azərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair iddialı öhdəliyi hədəf kimi götürdüyünü bəyan edib.

Nazir bildirib ki, Azərbaycanda qlobal iqlim dəyişmələrinə qarşı götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilib və bundan sonra da tullantıların azaldılması üçün konkret layihələrin reallaşdırılması davam edəcək.

Eyni zamanda H.Bağırov çıxışında Ermənistan tərəfindən işgal olunmuş ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını bildirib və bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə maneə olduğunu, Birləşmiş Millətlər Təşkilatınıın bu sahədə təsir gücünün daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.