“Ay Nuşirəvan Məhərrəmli, ANS olmasaydı...”

ay-nusirevan-meherremli-ans-olmasaydi
Oxunma sayı: 11112

ANS TV-nin tanınmış əməkdaşı, əməkdar jurnalist Ləman Ələşrəfqızı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin bu gün verdiyi müsahibədə telekanal haqqında səsləndirdiyi ifadələrdən hiddətlənib.

“Qafqazinfo”nun modern.az-a istinadən məlumatına görə, MTRŞ sədrinin "ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu onun sifətidir” ifadələrinə etiraz edən xanım telejurnalist qəzəbini belə ifadə edib:

“ANS-in sifəti pornoqrafiya deyil, ANS-in sifəti Qarabağdır, ay Nuşirəvan Məhərrəmli. ANS olmasaydı, inanın, bəlkə də Qarabağ yaddan çıxmışdı”.

L.Ələşrəfqızı bildirib ki, “pornoqrafiya” sözü ilə N.Məhərrəmli ANS-də çalışanların hamısını təhqir edib:

“Qaldı pornoqrafiyaya, siz bu ifadə ilə bütün bir kollektivi təhqir edirsiniz”.

Telejurnalist iki uşaq anası olaraq MTRŞ-nin sədrinin söylədiyi fikirləri belə qiymətləndirib:

“Şəxsən mən, iki uşaq anası, əməkdar jurnalist, vaxtını evindən də çox işdə keçirən, son 5 ayda 5 tarixi sənədli film hazırlayan müxbir, bu sözü özüm üçün təhqir sayıram. Siz isə sanki müharibə şinelindən çıxan bir kanaldan yox, düşməndən danışırsız. Bir məmur ki, məsələlərə şəxsi prizmasından baxır, hər cümlə başı "Bu ANS-in sifətidir"-deyir, inanın o məmur yaxşı məmur deyil”.