Aprel döyüşündə yaralanan gizirdən - Müraciət

aprel-doyusunde-yaralanan-gizirden-
Oxunma sayı: 13129

Aprel döyüşlərində yaralanan gizir Fəzail Quliyev “Qafqazinfo”ya müraciət edib.

Beyləqan rayonunun Əmir Zeyidli kəndində yaşayan F. Quliyev deyib ki, hazırda əmək qabiliyyətini itirdiyi üçün ailəsinə baxa bilmir: “27 yaşım var və aprel ayının 2-də Füzulidə, Lələ təpədə gedən döyüşlərdə yaralanmışam. Yaram hələ tam sağalmayıb, ayağımda aparat qoyulub, hospitalda müalicə olunuram. Başımdan, ayağımdan və ağzımdan qəlpə yarası almışam”.

3 azyaşlı uşaq atası olan F. Quliyev deyir ki, sosial vəziyyəti çox ağırdır və yaşadığı çiy kərpicdən tikilmiş ev qəza vəziyyətindədir: “Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm, ancaq kömək edən yoxdur”.

Gizir F. Quliyev müalicəsindən razı olsa da, evinin uçmaq ehtimalı olduğu üçün ailəsindən nigarandır: “Müalicəmlə bağlı bir problemim yoxdur, ancaq 3 övlad atasıyam. Hazırda hospitalda müalicə aldığı üçün onlara baxan yoxdur. Evimiz də yararsız vəziyyətdədir, hər an uça bilər. Əmək qabiliyyətimi itirmişəm, uşaqların təhlükəsizliyi üçün heç nə edə bilmirəm”.

Gizir aidiyyatlı dövlət qurumlarına müraciət edərək uşaqlarının yaşayış şəraitinin normallaşması üçün yardım istəyib.

Əlaqə telefonu: 050 (051) 621 10 73

Günel Hacı