590 bal yığdı, universitetə qəbul olmadı - 3894 abituriyentin səhvi...

590-bal-yigdi-universitete-qebul-olmadi
Oxunma sayı: 11538

Xəbər verdiyimiz kimi, bu il TQDK-nın açıqladığı statistikaya əsasən ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib. “Qafqazinfo” xəbər verir ki, onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Beləliklə, müsabiqəyə buraxılan 3894 abituriyent isə ali məktəblərə qəbul ola bilməyib.
34224 abituriyentin 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qruplar üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əvvəlki illərin abituriyentlərin üçün açıqladığı statistikaya diqqət yetirək.

Belə ki, əvvəlki illərin məzunlarından I və IV ixtisas qrupları üzrə qəbul imtahanda iştirak etmək üçün sənəd vermiş 12800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb.

imtahanda iştirak edən əvvəlki illərin məzunlarından 32 nəfəri 500-599 bal (0.27 %), 98 nəfəri 400-499 bal (0.83 %), 368 nəfəri 300-399 bal (3.11 %), 1109 nəfəri 200-299 bal (9.37 %) toplayıb.

10214 nəfəri isə 0-199 bal (86.33 %) arası nəticə göstərib.

Cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib.

Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib.

Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.

I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib.

Ümumilikdə, bu il ali məktəblərin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 36 737 abituriyent iştirak edib. Onlardan 14229-u 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib.

II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında imtahan verən 41 800 abituriyentdən 21 652-si (51,8 faiz) 200 baldan aşağı nəticə göstərdiyi üçün müsabiqəyə buraxılmayıb.

II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.
III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.

Qafqazinfo” bu məqamda təhsil üzrə ekspert Kamran Əsədovdan bu ilki imtahanların nəticələri ilə bağlı bir neçə maraqlı məqamları öyrənib. Bunların arasında yüksək nəticə göstərib universitetə qəbul ola bilməyən abituriyentlər, qruplar üzrə keçid balları kimi məsələlər var.

K. Əsədov 2014- cü ildə qruplar üzrə keçid balının 150 bal olduğunu xatırladıb: “2015- ci ildən etibarən Təhsil Nazirliyi bütün ixtisas qrupları üzrə keçid balını 200 bal nəzərdə tutdu. Amma ötən il və bu il I ixtisas qrupu üzrə Gəncə Aqrar Universitetinin 13 ixtisasına keçid balı 150 bal müəyyənləşdirildi. IV qrupda da hər hansı fon üzrə heç bir məhdudiyyət nəzərdə tutulmurdu. III qrupdan isə İslam Universitetinə 100 baldan çox bal toplayanlar sənəd verə bilər. V qrup üzrə isə burada 90 baldan minimum 30-40 bal toplayanlar sənəd qəbulunda iştirak edə bilər. Təbii ki, bu kifayət qədər aşağı nəticədir. Çünki 50 faizdən aşağı nəticə göstərənlər dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul edilmirlər. Bu say da illər üzrə kifayət qədər çox idi”.

K. Əsədov vurğulayıb ki, bu il I, II, IV qruplar üzrə 200-dən çox bal toplayanların sayında artım var: “III qrupda isə keçid balında enmə var idi. Yəni 200 bal idi. Amma bununla bərabər imtahanda iştirak edib 200 bala qədər bal toplamayanların sayında da ciddi şəkildə çoxalma var. İmtahan şərtlərini ödəməyən abituriyentlərin sayında da kəskin şəkildə azalma var”.

Daha maraqlı detal isə ixtisas seçimində iştirak edib ali məktəbə qəbul oluna bilməyənlərin nəticələridir.

K. Əsədov qeyd edib ki, I, III, IV qrupda yüksək balla kəsilənlərin sayı aşağıdır: “II qrupda isə yüksək balla kəsilənlərin sayında artım var. Halbuki ötən il III və IV qruplarda yüksək balla ali məktəblərə daxil ola bilməyənlərin sayında çoxluq var idisə, bu statistika bu il yalnız II qrupa aiddir. II qrupda hətta 590 bal toplayıb ali məktəbə qəbul ola bilməyən abituriyentlər var. II qrupda 400-dən çox bal toplayıb qəbul ola bilməyənlərin sayı 148 nəfərdir. 500-dən çox bal toplayıb qəbul ola bilməyənlərin sayı isə 5 nəfərdir. 200-dən çox bal toplayıb qəbul olmayanların sayı isə 518 nəfərdir. III qrupda isə 500- dən yuxarı bal toplayıb qəbul olmayanların sayı 1 nəfərdir. Həmin qrup üzrə 400-dən yuxarı bal toplayan 13 nəfər də ali məktəbə qəbul ola bilməyib. IV qrupda isə 400-dən yuxarı bal toplayıb qəbul olmayanların abituriyentlərin sayı 9 nəfərdir. Əvvəlki illərlə müqayisədə bal toplayıb qəbul ola bilməyənlər bu il yalnız II qrupda çoxluq təşkil edir”.

Ekspertin sözlərinə görə, bu il dörd ixtisas qrupu üzrə imtahandakı beş fəndən biri istisna olmaqla 4 fənndən 10 baldan yuxarı toplayan və 200 balı ödəyən abituriyentlər ixtisas seçiminə buraxıldılar:

“Plan yeri I qrup üzrə 13 min, imtahana buraxılanlar isə 11 min nəfər idi. 2000 plan yeri boş qalırdı. II qrupda da yenə 13 min plan yeri var idi. 11 min abituriyent qəbul oldu. Qəbul ola bilməyənlər isə doğru ixtisas seçimi etməyənlər idi. III qrupda isə abituriyentlərə ixtisas seçiminə diqqətlə yanaşmayıb. 2015- ci ildə Azərbaycan Diplomatik Akademiyasına 600 balla daxil olan ixtisaslara bu il 200 balla qəbul aparıldı. Buna təsir göstərən məsələlərdən biri təhsil haqqı ilə bağlı idi. Keçən ilin qəbul nəticəsinə baxsaq, Diplomatik Akademiyanın I ixtisas qrupu üzə keçid balı 570 bal idi. Bu il həmin göstərici 200 baldır. Bu il ən yüksək balla qəbul nəticəsi Neft Məktəbində oldu ki, o da 671 baldır.

Burada ən birinci məsələ rus bölməsinin abituriyentlərinin sayının çoxalmasıdır. Hər il hansısa ixtisas Azərbaycan bölməsinin abituriyentləri 500 balla daxil olubsa, rus bölməsi 200-250 balla qəbul olub. Burada ciddi problem yaşanır. Hər iki bölmənin müsabiqə şəraiti bərabər aparılmalıdır. Çünki ali məktəbi bitirən zaman işə qəbulda hər hansı fərq nəzərdə tutulmur”.

Günel Türksoy