5100 KİV qeydiyyata alınıb

5100-kiv-qeydiyyata-alinib
Oxunma sayı: 638

Ötən il Ədliyyə Nazirliyində 50 mindən çox vətəndaş müraciətinə baxılıb, 15.700 vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 milyonu ötüb, 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 40,3 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması və onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülüb, o cümlədən ötən il ölkə başçısının iştirakı ilə Xaçmaz nikah evi, habelə yeni inşa olunmuş Mingəçevir şəhər qeydiyyat şöbəsi üçün inzibati binalar istifadəyə verilib.

Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.300-ü, KİV-lərin sayı isə 5.100-ü ötüb. Həmçinin, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.