17 ildir istifadə etdiyi torpaq əlindən alınır

17-ildir-istifade-etdiyi-torpaq-elinden-alinir
Oxunma sayı: 2289

Tovuz rayonu İbrahimhacılı kənd sakini Fəxrəddin Paşayev 17 ildir istifadəsində olan pay torpağının 1 günün içində başqa bir şəxsə verilməsindən şikayətçidir.

F.Paşayev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 1999-cu ildə dövlət ona rəmsi sənədləşmə aparılaraq pay torpaq sahəsi ayırıb: “Bir müddət əvvəl kəndimizin məktəb direktoru Sinayə müəllimə bizə dedi ki, bu torpaq mənimdir, siz burdan çıxın. Məsələnin mahiyyətini araşdıranda bəlli oldu ki, direktor 17 ildir öz yeri ilə maraqlanmayıb, təzəlikcə vəzifəsindən çıxarıldığı üçün pay torpağını tapmaq istəyib. Bunun üçün müvafiq quruma müraciət edib.

15 saylı Tovuz Layihə Tədqiqqat İdarəsinin 2 nəfər əməkdaşı da gəlib mənim torpağımı ona göstərib deyiblər ki, sənin torpaq sahən buradır. Mən həmin adamlarla da danışdım. Dedilər ki, biz “GPS”ə ad-soyad əlavə edirik, proqram haranı göstərirsə, həmin yer də o adamın olur. Mənə təklif etdilər ki, 93 manat verim, mənim də adımı yazsınlar və orada göstərilən yeri mənə versinlər. Belə çıxır ki, bütün kənd illərdir əkdiyi sahədən çıxıb bir-biri ilə dava etməlidir ki, bura mənim yerimdir. O qurumun əməkdaşları kəndliləri bir-biri ilə üz-üzə qoyur”.

Əmlak Məsələləri Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Qulu XəlilovQafqazinfo”ya açıqlamasında bildirib ki, kənd sakini Sinayə Məmmədova ərazi üzrə müvafiq idarəyə pay torpağının müəyyən edilməsi ilə bağlı müraciət edib: “Biz də müraciəti qəbul edib GPS naviqator və Torpaq Komitəsindən bizə miras qalmış kompüter bazasından istifadə edərək pay torpağını göstərmişik. Çöl ölçmə işləri aparılarkən vətəndaş Fəxrəddin Paşayev də həmin ərazidə olub. O, bizim əmədaşlardan şifahi olaraq onun da yerinin göstərilməsini xahiş edib. Ona göstərilən pay torpağı Sinayə Məmmədovanın pay torpağı ilə sərhəd gəlib. Burada üst-üstə düşmə halı yoxdur. O adam bizə rəsmi müraciət etməyib, sadəcə şifahi olaraq soruşub. Rəsmi müraciət etsin, biz də rəsmi olaraq pay torpağının yerini göstərək. Orada mübahisə predmeti olacaq bir məsələ yoxdur”.

Murad Əhməd