132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

132-belediyye-sedri-inzibati-mesuliyyete-celb-olunub
Oxunma sayı: 1171

Dekabrın 28-də Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçən kollegiyada vətəndaşların hüquqlarının etibarlı təmin olunması, insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, əhalinin daha çox təmasda olduğu qurumların fəaliyyətinin təkmilləşdirilərək bu sahədə müasir elektron xidmətlərin geniş tətbiqi, ədliyyə orqanlarına və məhkəmələrə çatımlığının asanlaşdırılması, habelə korrupsiyaya qarşı tədbirlərin davam etdirildiyi bildirilib, həmçinin mövcud nöqsanlar qeyd olunaraq əlavə təsirli tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

İclasda, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Bildirilib ki, 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb, onlardan 1.365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb.

Kollegiyada, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, regional ədliyyə qurumlarının imkanlarından geniş istifadə olunmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.