Ziya Məmmədovun malikanəsində fövqəladə toplantı

ziya-memmedovun-malikanesinde-fovqelade-toplanti
Oxunma sayı: 10976

Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verənlər KİV-in diqqətindən düşmək bilmir. 

“Qafqazinfo” xəbər verir ki, “Azadlıq” qəzetinin yaydığı materialda bildirilir ki, son olaraq onun vəzifədən azad edildiyi və ölkədə olmadığı barədə xəbərlər yayılsa da, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov yazılanları təkzib edib. O bildirib ki, nazir məzuniyyətdədir və oktyabrın 20-də işə çıxacaq.

Buna baxmayaraq, Ziya Məmmədovun adı ətrafında yayılanlar, onun özünün isə baş verənlər barədə müəmmalı şəkildə susması Nəqliyyat şefinin himayəsi altında olan iş adamlarının ciddi narahatlığına səbəb olub. Onlar artıq nazirin “kitabının bağlandığını” hiss edərək, Ziya Məmmədovun ətrafını tərk etməyə başlayıblar, hətta “əzəli və fövqəl rəqibin” çətiri altına keçməyə çalışanlar da var. Nazirin hazırda harada olması barədə isə aydın informasiyanın yoxluğu vəziyyəti daha da qəlizləşdirib.

Strateq.az-a çatan məlumatlara görə, Ziya Məmmədovun və oğlu Anar Məmmədovun hətta hər an həbs oluna biləcəyi haqda informasiyalar nazirin himayəsindəki biznes elitanı o həddə qorxuya salıb ki, artıq Nəqliyyat nazirinin özü məsələyə qol qoymaq qərarına gəlib.

Sayt yazır ki, məzuniyyətini doğma rayonunda – Ucarın Qazıqumlax kəndindəki malikanəsində keçirən Ziya Məmmədov adı ətrafında baş verənləri müzakirə etmək üçün oktyabrın 1-də elə malikanəsindəcə özünə yaxın iş adamlarının və yaxınlarının iştirakı ilə fövqəladə toplantı çağırıb. Toplantının təfərrüatları bizə bəlli olmasa da, nazirin bu görüşü keçirməklə həm də özünə yaxın olan iş adamlarına “qaçmamışam, yerimdəyəm” mesajını verdiyi düşünülür.

Qeyd edək ki, son günlər aramsız olaraq ölkə mediasında Ziya Məmmədovun işdən çıxarılacağı və yaxud onun öz ərizəsilə işdən azad olunmaq istədiyi haqda xəbərlər yayılıb. Ziya Məmmədovun məzuniyyətdən işə qayıtmayacağı xəbəri isə onun ətrafında daha ciddi qəbul olunub.

Və çevrəsinin bu məlumatları ciddi qəbul etməsi də səbəbsiz deyil. Çünki gerçəkdən də nəqliyyat nazirinin adı ətrafında son vaxtlar bir-birindən maraqlı hadisələr cərəyan edir – ölkənin “nəqliyyat kralı”, faktiki, bütün istiqamətlərdən səlahiyyətziləşdirilir: taksilərə lisenziya verilməsi Nazirlikdən alınaraq ASAN Xidmətə həvalə edilib; onun himayəsnidə olan Bakı Avtovağzalına yeni rəis təyin edilib; paytaxtda sərnişin daşınması ondan alınaraq Bakı şəhər icra hakimiyyətinə verilib… Sonuncu dəfə isə Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan “Azərbaycan Dəmir Yolları” QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib.

Bundan başqa, məlum olub ki, “Bakı Sərnişindaşınma” MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi formalaşdırılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək.
Bütün hallarda Ziya Məmmədovun səlahiyyətlərinin xeyli azaldıldığı göz önündədir. Odur ki, hazırda vəziyyətdən narahat olan nazirin də, ətrafındakı iş adamlarının da təlaş və təşvişi anlaşılandır.