“Yeni vəziyyət yaranıb”

yeni-veziyyet-yaranib
Oxunma sayı: 693

Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. “Qafqazinfo”nun məlumatına görə, prezident 2011-ci ilin birinci yarısında ölkənin qarşısında duran sosial-iqtisadi məsələlərin həllini tapdığını söyləyib. İlham Əliyev bu dövrdə ümumi daxili məhsulun 0,9 faiz artdığını deyib. Bu göstəricinin əvvəlki dövrlə müqayisədə az olduğunu qeyd edən dövlət başçısı bildirib ki, buna səbəb neft hasilatının azalmasıdır.

“Bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsidir” deyən Azərbaycan prezidenti bu ilin 6 ayında qeyri-neft sektorunda 7,2, kənd təsərrüfatında isə 6,2 faiz artımın əldə olunduğunu vurğulayıb. İlham Əliyev qeyd edib ki, əhalinin pul gəlirləri 17 faiz artıb. İlin birinci yarısında büdcəyə edilən dəyişikliklərdən sonra tarixdə ilk dəfə olaraq Azərbaycan büdcəsinin 20 milyard dollara çatdığını deyən dövlət başçısı bu dövrdə ölkənin strateji valyuta ehtiyatlarının 9 milyard dollar artdığını bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ümumilikdə 38 milyard dollar təşkil edir: “Bu bizə imkan verir ki, iqtisadiyyatın inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları ayıraq”.

Prezident bildirib ki, hazırda ölkədə 125 min ailəni əhatə edən ünvanlı sosial yardım proqramının icrası davam etdirilir və son 7 ildə yoxsulluq şəraitində yaşayanların sayı beş dəfə azalıb. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində son 6 ayda 38 min yeni iş yeri açıldığını söyləyib.

Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının son bəyanatını ümidverici adlandırıb: “Bu bəyanatda Helsinki Yekun Aktı əsas götürülüb və orada status-kvonun dəyişdirilməsi xüsusilə vurğulanır. Belə olan halda isə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır”. Azərbaycanın dövlət başçısı Ermənistanın 20 ildir ki, status-kvonun dəyişdirilməsini istəmədiyini bildirib.

İlham Əliyev həmsədr ölkələrin münaqişənin həlli ilə bağlı fəallıqlarını artırmasını mühüm faktor kimi qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin Praqa, sonra isə Madrid prinsipləri üzrə nizamlanması ilə bağlı danışıqların aparıldığını deyən dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədrləri hər iki tərəfə yenilənmiş Madrid prinsiplərini 2009-cu ildə təqdim edib. İlham Əliyev qeyd edib ki, Rusiya prezidentinin təşəbbüsü ilə baş tutan Soçi görüşündə Azərbaycan birmənalı olaraq bu prinsipləri qəbul etdiyini açıqlayıb, Ermənistan isə müxtəlif vasitələrlə bu prinsiplərin qəbulundan imtina edir. Madrid prinsiplərinin mahiyyəti barədə məlumat verən dövlət başçısı indi yeni vəziyyətin yarandığını, Azərbaycanın isə yenə də konstruktivlik göstərdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev onu da deyib ki, bütün dünyanın, Avropa qurumlarının, xüsusilə də həmsədr ölkələrin bu məsələyə olan münasibətinə baxmayaraq, Ermənistanın son günlərdəki hərəkətləri başadüşülməzdir. “Son illərdə beynəlxalq birliyin fəallaşmasının əsas səbəblərindən biri də güclü Azərbaycan dövlətinin və ordusunun mövcudluğudur” deyən İlham Əliyev Azərbaycanın bu məsələnin tezliklə həllində ən çox maraqlı tərəf olduğunu vurğulayıb.

Yekun çıxışında İlham Əliyev bir daha Azərbaycanın bölgədə nüfuzunun getdikcə artdığını deyib, çəkilişi davam edən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. O, makroiqtisadi sabitliyin saxlanmasının, büdcə xərclərinin 100 faiz icra edilməsinin, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacib olduğunu bildirib. Prezident deyib ki, hazırda Heydər Əliyev beynəlxalq hava limanının yeni terminalı tikilir, bu ilin sonuna qədər isə Qəbələdə daha bir beynəlxalq aeroport istifadəyə veriləcək. Ələt qəsəbəsində Xəzər hövzəsində ən böyük və müasir dəniz ticarət limanının, gəmiqayırma zavodunun inşa olunduğunu, yaxın vaxtlarda gübrə zavodunun təməlinin qoyulacağını deyən İlham Əliyev bildirib ki, qarşıdakı 4 ildə metro stansiyalarının sayı 30-a çatdırılacaq.

Ordu quruculuğunun da diqqət mərkəzində olduğunu söyləyən dövlət başçısı hazırda hərbi xərclərin 3,3 milyard dollar təşkil etdiyini xatırladıb.

Prezident İlham Əliyev Azərbaycanda sənaye mərkəzlərinin yaradılması, İKT sektorunun, sahibkarlığın, turizmin inkişafı, kənd yollarının çəkilməsi, yaxın 4-5 ildə su və kanalizasiya problemlərinin həll olunması, əhalinin fasiləsiz içməli su ilə təmin edilməsinin vacibliyini də diqqətə çatdırıb.